Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı

0
319

Bakıda 1999-cu il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı Nadir Əfəndiyev (şərtidir) polisin poqonunu cırıb.

Hadisə bu ilin ilk günündə  – 2022-ci ilin yanvarın 1-də baş verib.

Belə ki, həmin tarixdə 3-cü mikrorayon dairəsində yerləşən “Dəli Kür” kafesinin qarşısında, gecə saat 2 radələrində içkili vəziyyətdə olan Nadir söyüş söyərək nallayiq ifadələr işlədib.

Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə etməsi olub.

Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl etsin.  

Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyaxa olub. Əlbəyaxa zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.

Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.

Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.

Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilib.