Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin günlər iş günü hesab edilmir.
Yanvar ayının qeyri-iş günləri açıqlanmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
ƏƏSMN-nin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlamasında bildirib ki, Yeni il bayramı ilə əlaqədar yanvar ayının iş günü hesab olunmayan bayram günləri yaxın vaxtlarda bilinəcək: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclasının qərarı təsdiqlənəndən sonra bu barədə açıqlama veriləcək”.
Hüquqşünas Azər Quliyev isə bildirib ki, Yeni il bayramı – 1, 2 yanvar şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 3 və 4-ü də qeyri-iş günü olacaq: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü həftənin cümə gününə təsadüf etdiyi üçün qeyri – iş günü sayılır. Yanvar ayının 5-i isə artıq iş günüdür. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq”.