Yeni il yarmarkalarında qiymətlər necədir?

0
304

Bu il bir çox metrostansiyaların çıxışında yeni il yarmarkaları qurulub. Bayram yaxınlaşdıqca müxtəlif bəzək əşyalarına, şam ağaclarına, hədiyyələrə, bir sözlə, Yeni il bayramı üçün lazım olan hər şeyə tələbat artır.

Yarmarkalarda şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 2 manatdan 90 manata qədər dəyişir.

Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şar qiymətləri isə 1 dənəsi 10-20 qəpik arası dəyişir.

Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dəyişir. İşıqların qiyməti 4 manatla 40 manat arasındadır.

Əgər evinizi daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2-3 manat təşkil edir.

Satıcıların sözlərinə görə, yarmarkalar ayın əvvəlindən fəaliyyət göstərir.

“Yeni ilə bir neçə gün qalır. İnsanlar yaxınlaşıb qiymətlərlə maraqlanırlar. Yarmarkalarda qiymətlər fərqlidir”, – deyə satıcılar bildiriblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-yə yaxın bayram çadırının quraşdırılmasına başlanılıb.