Yeni antibiotiklər kəşf edildi: Şimal Buzlu okeanın dərinliklərində…

0
112

Şimal Buzlu okeanında yaşayan mikroblar yeni antibiotiklərin mənbəyi ola bilər.

“The İndependent” alimlərin bununla bağlı laboratoriya təcrübələrində uğurlu nəticələr əldə etdiklərini yazıb.

Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti aktinobakteriyalar adlanan quruda yaşayan mikroorqanizmlərdən gəlir. Lakin antibiotiklərə davamlı bakteriyalar geniş yayıldıqca alimlər yeni mənbələr kəşf etməyə çalışırlar. Təxmin edilir ki, su aktinobakteriyaları dəniz mühitində təzyiq, temperatur və duz konsentrasiyası kimi amillərə görə daha çox növ birləşmələr əmələ gətirir.

Tədqiqatçılar bəzi onurğasızların içərisində yaşayan və 2020-ci ildə Şimal Buzlu okeanından çıxarılan aktinobakteriyaları tədqiq ediblər.

“Frontiers in Microbiology” jurnalında dərc edilən araşdırmada 4 aktinobakteriyanın istehsal etdiyi birləşmələrin enteropatogen E. coli (EPEC) adlı bakteriyaya təsiri müşahidə olunub. Bağırsaq hüceyrələrinə təsir edən bu bakteriya, xüsusilə azyaşlı uşaqlarda şiddətli ishala səbəb olur. Laboratoriyada yetişdirilən hüceyrələrdəki birləşmələri sınaqdan keçirən qrup, iki növün bakteriyaların xəstəliyə səbəb olmasının qarşısını aldığını müəyyən edib.

Nəticələr ümidverici olsa da, antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac var.

“İndiyə qədər biz yalnız laboratoriya tədqiqatları aparmışıq, ona görə də birləşmələrin klinik istifadədə hər hansı real əhəmiyyətinin olub-olmadığını bilməyimizə qədər çox yolumuz var” – Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Paivi Tammela bildirib. O, dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqa birləşmələrin olduğunu proqnozlaşdırıb.