Yay məktəbləri qazanc yerinə çevrilir – Universitetlərdən AÇIQLAMA

0
12

Azərbaycanda bir sıra ali təhsil müəssisələrində yay məktəbləri ənənəsi formalaşıb. Yay məktəbləri əsasən akademik borcların ləğv edilməsi, tələbələrin fənlər üzrə müvəffəq qiymətlərini yüksəltməsi məqsədilə təşkil olunur.

Yay məktəbləri könüllü olsa da, bəzi universitetlərdə bu proqram tədris prosesindən çox, kommersiya məqsədi daşımağa başlayıb.

Tələbələrin sözlərinə görə, bəzi müəllimlər tələbələri məqsədli şəkildə yay məktəblərinə yönləndirmək üçün imtahanlarda qəsdən aşağı qiymətlər yazır.

Hətta bəzi universitetlərdə rektorların müəllimlərə bu istiqamətdə göstəriş verdiyi ilə bağlı fikirlər də yayılıb. Tələbələr iddia edir ki, bəzi fənn müəllimləri imtahan suallarını qəsdən daha mürəkkəb tərtib edir və ya qeyri-obyektiv qiymətləndirmə aparır.

Azərbaycan Texniki Universitetindən verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı AzTU-da heç bir şikayət qeydə alınmayıb. Bildirilib ki, ötən il 269 tələbə yay məktəbində iştirak edib.

Bakı Dövlət Universitetindən hər hansı bir müraciət daxil olmadığı bildirilib:

“BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunur. Keçən tədris ilində yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavr və 16 magistr iştirak edib. Yay semestri üzrə imtahanlar 2024-cü ilin sentyabr ayının əvvəlində təşkil edilib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki,  ADPU-da qanunvericiliyə müvafiq olaraq tələbələrin payız və ya yaz semestrində yaranmış kəsrləri ilə bağlı müraciətləri əsasında hər il yay semestri təşkil olunur:

“Yay semestrində iştirak üçün müraciətlərin sayı hər il fərqli olur, amma əgər müraciət varsa, mütləq yay semestri təkşil olunur, çünkü bu tələbələrin hüququdur. Eyni zamanda yay semestrinə müraciət könüllüdür və heç bir tələbə yay semestrinə məcburi cəlb edilmir, tələbə yay semestində iştirak üçün özü istədiyi vaxt müraciət edə bilər.

2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasından sonra 54 fənn üzrə təşkil olunan yay semеstrində ümumilikdə 295 nəfər tələbə iştirak edib.

Pedaqoji Universitetdə hazırda davam edən imtahan sessiyası da daxil olmaqla imtahandan qəsdən kəsilmələri, yay semestrinə yönləndirilmə və s.-lə bağlı tələbələr tərəfindən hər-hansı müraciət daxil olmayıb. Lakin, bununla belə semestr imtahanlarında biliklərin qiymətləndirilməsi prosesində obyektiv və ya subyektiv səbəblərdən özünü doğrulda bilməyən tələbələrin olması təbiidir. Bu həm ölkəmizdə, həm də bütün dünyadakı ali təhsil ocaqlarında yaşanan təbii bir haldır. ADPU olaraq, biz tələbə nailiyyətlərinin daha da artmasına, belə halların az olmasına çalışırıq, lakin hansısa tələbəmizin kəsri yaranırsa və yay semetrində iştirak etmək zərurəti yaranırsa da, bu halda onlar üçün müvafiq şərait təmin olunur”.

Bakı Slavyan Universitetindən qeyd edilib ki, BSU-da semestr imtahanlarının nəticələrinə əsasən qeyri-müvəffəq qiymət alan tələbələr universitetin müvafiq əsasnaməsinə uyğun olaraq fənni təkrar dinləmədən imtahanlarda iştirak etmək hüququna malikdirlər:

“Əgər tələbələr bu imtahanlarda da qeyri-müvəffəq nəticə əldə edərlərsə, onlara seçim imkanı təqdim olunur. Belə ki, tələbələr könüllü olaraq yay semestrində iştirak edə və ya alt qruplarda yerləşdirilə bilərlər. Ötən tədris ilində universitetimiz üzrə ümumilikdə 386 tələbə yay semestrinə cəlb olunublar. Bununla yanaşı, tələbələrin qəsdən qeyri-müvəffəq qiymət alaraq məcburi şəkildə yay semestrində iştirak etməyə yönləndirilməsi ilə bağlı heç bir şikayət qeydə alınmayıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, AzMİU-da şəffaflığın və obyektivliyin təmin olunması maksimum həddədir:

“İmtahanların təxminən 60%-dən çoxu kompüterlər vasitəsilə test üsulu ilə keçirilir. Burada ümumiyyətlə subyektiv haldan söhbət gedə bilməz. Tələbə biliyinin əsasında sualları cavablandırır və imtahan otağını tərk etməmiş monitorda öz imtahan qiyməti ilə tanış ola bilir. Riyaziyyat və mühəndisliklə əlaqəli fənnlərdən yazılı imtahan olması vacibdir. Qabiliyyət tələb edilən fənnlərdən isə ənənəvi üsulla fakültələrdə imtahanlar keçirilir. Onlarda da kodlaşdırma olur. AzMİU-da imtahanların keçirilməsi, şifrələnməsi və deşifrə olunması ilə bağlı böyük bir təcrübə formalaşıb. İmtahanın cavab vərəqini yoxlayan müəllim işin kimə aid olduğunu bilmir. Çün imtahan vərəqində titul hissəsi kəsilib götürülür. Müəllim heç bir fərdi informasiya yazılmayan yazını yoxlayır. Daha sonra isə şifrələmə komissiyası tərəfindən həmin işlər deşifrə olunur və imtahan nəticələri elan olunur. Burada subyektiv halın baş verməsi mümkün deyil. Universitet heç vaxt tələbəsini imtahandan kəsməkdə maraqlı deyil.

Yay məktəbləri bağlı şikayətlərə gəlincə isə, AzMİU tələbələrinin bununla bağlı heç bir şikayəti yoxdur. Akademik borcu olan tələbələr yay məktəblərinə, 25% imtahanlarına, alt qruplara yazılaraq akademik borclarını təhsil müddəti başa çatana qədər bitirməkdə maraqlıdırlar. Yay məktəblərinin ikinci özəlliyi isə odur ki, baloniya sistemində yay məktəbi tələbələrə imtahan göstəricilərini yüksəltməyə imkan verir. Məsələn tələbə fənndən 81 bal toplayıb, amma o istəyir ki, universiteti bitirəndə ortalaması daha yüksək olsun. O imtahandan kəsilmədiyi halda müvafiq ödəniş edir və yayda yenidən dərs alır imtahan verərək daha yüksək nəticə toplaya bilir”.

Azərbaycan Universitetindən bildirilib ki, AU-da payız və yaz imtahan sessiyaları dövründə imtahanların təşkili və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə imtahan qərargahı və qərargahın nəzdində 3 komissiya fəaliyyət göstərir:

“Bunlar, İmtahanların gedişinə nəzarət, Appelyasiya və İmtahan prosesi üzrə araşdırma komissiyasıdır.

Biliklərinin obyektiv qiymətləndirilməməsi fakti ilə qarşılaşdıqlarını iddia edən tələbələr sessiya dövründə sözügedən qərargah və ya komissiyaya müraciət edirlər və imtahan kağızlarına tələbənin iştirakı ilə yenidən baxılır. Hər sualın qiymətləndirilməsi ilə bağlı əsaslandırma var və kağıza yenidən baxılma prosesində bu, tələbəyə izah edilir.

Yay məktəbinə gəlincə, yay məktəbi yalnız akademik borcu olan tələbələr üçün deyil, həm də qiymətlərini yüksəltmək istəyən tələbələr üçün təşkil olunur. Ötən tədris ilində 126 tələbə 1 yaxud 1-dən çox fənn üçün yay məktəbinə müraciət edib və 57 fənn üzrə yay məktəbi təşkil olunub.

Bundan əlavə, akademik borcu olan tələbələrin yay məktəbində iştirak etmədən və fənni yaxud fənləri yenidən dinləmədən də kreditləri qazanmaq hüquqları var”.

Xəzər Universitetindən verilən məlumata görə, ali təhsil müəssisəsində belə halların olması mümkün deyil:

“Tələbəni qəsdən kəsmək heç mümkün deyil və bunu əxlaqsızlıq kimi dəyərləndiririk. Yay məktəbinə tələbələr şəxsən və könüllü müraciət edirlər. Onlar yay məktəbinə girmədən həmin fənni semestr müddətində 6-cı fənn kimi də götürə bilərlər. Bu günə kimi yay məktəbi ilə bağlı rektorluğa heç bir şikayət daxil olmayıb. İmtahanlardan narazı qəlan tələbələr 5 gün ərzində apellyasiya şikayəti etmək hüququna malikdirlər. Bütün qayda və qanunlar Xəzər Universitəsinin əsasnaməsi ilə tənzimlənir”.

Azərbaycan Dillər Universitetindən qeyd edilib ki, sözügedən mövzu ilə bağlı ADU-ya heç bir müraciət daxil olmayıb.