Yay aylarında böyrək daşlarının əmələ gəlmə riski artır.
Bununla bağlı danışan türkiyəli urologiya mütəxəssisi Hakan Özveri yayda böyrəklərə zərər verən 5 səhvi açıqlayıb, xəbərdarlıq edib və təkliflər verib.
Bu barədə “CNN Türk” nəşri bildirir.
Hakan Özverinin sözlərinə görə, şiddətli ağrılarla müşayiət oluna bilən böyrək daşlarının bəzi sadə qaydalara diqqət yetirməklə qarşısını almaq olar. Yay aylarında bununla bağlı edilən səhvlər də var.
Kifayət qədər su içilməməsi
Yayda həddindən artıq isti və rütubət tərləməni artırdığı üçün bədəndən su itkisi sürətlənir. Su içmək vərdişi olmayan, hətta su içməyi xoşlamayan bir çox insan buna görə də yalnız susadıqda su içir və ya su əvəzinə şəkərli və qazlı içkilər qəbul edirlər. Ancaq xüsusilə yay aylarında gündə 2.5 litr su içmək lazımdır. Şəkərli və qazlı içkilər fayda vermədiyi kimi, çay və qəhvə də sidikqovucu təsiri ilə suyun bədəndən xaric olmasına səbəb olur. Kifayət qədər su içilməməsi bir çox böyrək xəstəliklərinin, xüsusən də böyrək daşlarının yaranmasına yol aça bilər.
Həddindən artıq duz istehlakı
Bir çoxlarının duz istehlakı tələb olunan səviyyədən çox-çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, gündəlik duz istehlakı qəti şəkildə 5 qramı (1 çay qaşığı) keçməməlidir. Bir çox insanlar yeməklərinə duz əlavə edirlər ki, bu da ürək və hipertoniya kimi xəstəliklərə, həmçinin böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.
Fastfudlar, hazır yeməklər və müxtəlif qəlyanaltıların tərkibində də çox yüksək miqdarda duz var və bu səbəbdən sağlam qidalanma böyük əhəmiyyət kəsb edir.
Kifayət qədər tərəvəz yeməmək
Yay aylarında açıq havada keçirilən müddətin artması, xüsusilə açıq bufetlərdə tərəvəz yeməkləri əvəzinə qızardılmış yeməklər və ət tərkibli yeməklərə, səhər yeməyində emal edilmiş ət məhsullarına üstünlük verilməsi böyrəklərə ziyan verir. Heyvan mənşəli proteinlər həddindən artıq istehlak edildikdə daş əmələ gəlməsinə səbəb olur.
Qeyri-sağlam diyet
Xüsusilə yay fəslinə girərkən və yayda tətilə getməzdən əvvəl arıqlamaq məqsədilə edilən diyetlərə bir müddət sonra son verilir və hətta bundan sonra itirilən çəki geri gəlir. Artıq çəki, şübhəsiz ki, sağlamlığın ən mühüm düşmənlərindən biridir və böyrək sağlamlığına da son dərəcə zərərlidir. Ancaq artıq çəkidən xilas olmaq üçün fayda yerinə ziyan verən, yüksəkproteinli diyetlərdən və hər cür “bitki mənşəli” adı ilə satılan məhsullardan qaçmaq lazımdır.
İsti və rütubət səbəbi ilə evdən çıxmamaq
Həddindən artıq isti və yüksəkrütubətli havalarda xüsusilə risk qrupuna daxil olan insanların günəş şüalarının dik düşdüyü saatlarda evdə qalmaları tövsiyə olunur.
Günəş şüalarının dik və sıx olduğu saat 11:00-16:00-da çöldə idman etmək təhlükəli ola biləcəyi üçün, günün erkən və ya axşam saatları çöldə gəzinti və məşq etmək üçün uyğun vaxtlardır. Ancaq bəzi insanlar yayda mövsümi şərtlər səbəbindən çöldə nəinki gəzintiyə çıxmırlar, hətta heç bir fəaliyyətlə də məşğul olmurlar və evə qapanırlar. Hərəkətsizlik bir çox cəhətdən sağlamlığa zərər verir və böyrək daşlarının əmələ gəlməsini sürətləndirə bilər. Bu səbəbdən idmanı gözardı etməmək və hərəkətsiz qalmaqdan çəkinmək lazımdır.