“Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq”.
Bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibekiç yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
62 yaşlı mütəxəssis bildirib ki, qrupda istənilən komanda birinci yer uğrunda mübarizə apara bilər: “Buna görə də hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.