Yaxın dövrlərdə Azərbaycan və ABŞ arasında hökumətlərarası komissiya çərçivəsində görüş keçirilməsi nəzərdə tutulub – Hikmət Hacıyev

0
966

Bu gün ABŞ-la Azərbaycan arasında sıx tərəfdaşlıq münasibətləri var. Bu münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev Trend İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində Azərbaycan-ABŞ münasibətlərindən danışarkən deyib.

H.Hacıyev son dövrü xatırladaraq, ilk növbədə ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfərini qeyd edib: “Con Boltonun səfər əsnasında Prezident İlham Əliyevlə geniş müzakirələri olub. Onun ardınca bu təmaslar yenə də davam etdirildi, telefon danışıqları oldu. Dövlət Departamentinin rəsmiləri Azərbaycanda səfərdə oldular. ABŞ Müdafiə Departamentinin rəsmilərinin və digər bu qəbildən olan səfərləri də qeyd etmək olar”.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərində ABŞ tərəfindən olan dəstəyi çox yüksək qiymətləndirir:

“ABŞ-ın dəstəyi ilə ölkəmizin karbohidrogen resurslarının istismarı və onun beynəlxalq bazarlara çıxarılması həmin dövrdə Azərbaycanın suverenliyinin güclənməsinə öz töhfəsini verdi. Bu gün ABŞ-Azərbaycan əlaqələrində siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə olan dəstəyi çox yüksək dəyərləndiririk. ABŞ-ın dəstəyi ilə bu layihə müəyyən olunmuş qrafik çərçivəsində inkişafını davam etdirir”.

H.Hacıyev qeyd edib ki, Azərbaycan-ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir: “Yaxın dövrlərdə iki ölkə arasında hökumətlərarası komissiya çərçivəsində görüşün keçirilməsi nəzərdə tutulub. Azərbaycan nümayəndələri ABŞ-da səfərdə olublar və yeni səfərlərin həyata keçirilməsi nəzərdən keçirilir”.

Şöbə müdiri vurğulayıb ki, ABŞ-Azərbaycan əlaqələrində təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi qeyd edilməlidir: “Ölkələrimiz arasında bu sahədə çox sıx əməkdaşlıq var. Terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ-ın yaxın müttəfiqi və tərəfdaşıdır. 11 sentyabr hadisələrindən dərhal sonra ulu öndər Heydər Əliyev bəyanatla çıxış edərək Azərbaycanın hava məkanını terrorizmə qarşı mübarizə çərçivəsində əməliyyatlara açıq elan etmişdi. Bu gün də ABŞ-ın hava sistemləri və ya uçuş vasitələri tranzit məqsədilə Azərbaycanın ərazisindən istifadə edir. Azərbaycanın göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilir”.

H.Hacıyev əlavə edib ki, istər ikitərəfli, istərsə də çoxtərəfli zəmində əməkdaşlıq dinamikasını açıq şəkildə görmək olar: “ABŞ-dan daha böyük potensial investorların qeyri-neft sektoruna cəlb edilməsi üçün imkanlar və perspektivlər var. Məsələn, ABŞ-dan olan həmkarlarımız Azərbaycanın regionda ən böyük mülki aviasiya donanmasına malik olduğunu çox yüksək qiymətləndirirlər. Bu sifarişlərin də bir çoxu “Boeing” şirkəti vasitəsilə həyata keçirilir. Bu şirkət vasitəsilə AZAL-ın etdiyi sifarişlər ABŞ-da 10 minlərlə yeni iş yerlərinin yaranmasına səbəb olub. Bundan başqa, Azərbaycan peyklərinin hazırlanmasında ABŞ şirkətləri yaxından iştirak edir. Beləliklə, ölkələarası əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyır və hər iki ölkənin maraqlarına xidmət edir”.