Yaxın 10 ildə bu buzlaq da əriyib yox ola bilər

0
428

Caya dağı (Puncak Jaya İndoneziya dilindən tərcümədə “qələbə” deməkdir) 1623-cü ildə hollandiyalı tədqiqatçı Yan Karsten tərəfindən kəşf olunub. Səyyah günəşli gündə onun zirvəsində buzlaq aşkar edib. Daha çox Karsten piramidası kimi tanınan Caya dağı Yeni Qvineya adasının qərbində yerləşir. Onun zirvəsi Okeaniyanın ən yüksək nöqtəsidir, dağın hündürlüyü 4 884 metrdir.

Ohayo ştatı Universitetinin Berd adına Qütb və İqlim Tədqiqatları Mərkəzinin bir qrup alimi Karsten piramidası buzlağını tədqiq edib. Onlar bildiriblər ki, buzlaq artıq 150 ildir ki, əriyir, lakin son illər bu proses dəfələrlə sürətlənib. Ərimənin artmasının əsas səbəbi 2015-2016-cı illərdə El-Ninyo zamanı Sakit okeanın ekvatorial hissəsində yuxarı su təbəqələrinin temperaturunun yüksəlməsidir. Tədqiqatın nəticələrinə görə, ehtimal olunan daha bir güclü El-Ninyo zamanı – 10 ildən sonra buzlaq tamamilə yox olacaq.

Karsten piramidasında buzun əriməsini dəqiq ölçmə işləri 2010-cu ildə başlayıb. Tədqiqatçılar buzlaqda dəlik açaraq oraya trosla birləşdirilmiş boru yerləşdiriblər. 2015-ci ilin noyabrında həmin yerə qayıdan alimlər görüblər ki, trosun uzandığı 5 metrlik buz əriyib – burada hər il 1 metrlik buzlaq yox olub. Amma 2016-cı ilin mayınadək daha 4,26 metrlik buz qatı əriyib. Cəmi altı ay ərzində proses beşillik sürətlə davam edib.