Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

0
593
Dövlət Gömrük Komitəsində idxal və ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş biznes subyektlərinin rəylərinin dinlənilməsi, eyni zamanda idxal və ixrac prosesləri zamanı meydana çıxan problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlərin həyata keçirilməsi, bu sistemin daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması məqsədilə keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti baş idarə rəisləri, 350-dən çox xarici ticarət iştirakçıları iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov dövlət müstəqilliyinin əldə olunması, həmçinin qorunub saxlanılmasında əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyevtərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ildən-ilə artdığını bildirib. O, həmçinin qeyd edib ki, ölkənin iqtisadiyyatının çoxşaxəli və dayanıqlı əsaslarla tərəqqisi təmin edilir, beynəlxalq təşkilatlarla və digər dövlətlərlə əməkdaşlığı daha da möhkəmlənir.

Eyni zamanda, vurğulanıb ki, Dövlət Gömrük Komitəsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas iştirakçılarından biri kimi dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet hədəflər çərçivəsində gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici investisiyaların ölkə ərazisinə cəlb edilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması, Azərbaycanın ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməkdədir.

İ. Hüseynov onu da əlavə edib ki, gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə bir sıra layihələr həyata keçirilib.

DGK sədrinin birinci müavini xüsusilə “Yaşıl dəhliz” buraxılış sisteminin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, könüllü riayət mədəniyyətinin formalaşması, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxaldakı payı 23, ixracda isə 27 faizdir.

Mövcud sistemin fayda və üstünlüklərindən bəhs edən İ.Hüseynov qeyd edib ki, bu istiqamətdə əsas hədəflərdən başlıcası gömrük orqanları tərəfindən xarici ticarət iştirakçılarına nümunəvi xidmət göstərmək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. DGK sədrinin birinci müavini görüş iştirakçılarına”Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı rəy və təkliflərin qeyd edilməsi üçün sorğu vərəqələrinin paylanıldığını və anonim şəkildə keçirilən sorğuda yer alan rəy və təkliflərin “Yaşıl dəhliz” buraxılış sisteminin daha da təkmilləşdirilməsi proseslərində nəzərə alınacağını bildirib.

Görüşdə “Yaşıl dəhliz” buraxılış sisteminin ümumi nəticələrindən və faydalarından bəhs edilərək, idxal əməliyyatları üzrə 288, ixrac əməliyyatları üzrə 182 xarici ticarət iştirakçısı olmaqla, ümumilikdə 470 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verildiyi və meydana çıxan problemlərin operativ qaydada aradan qaldırması üçün “Dəstək qrupu”nun və “qaynar xətt”in fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.

Görüşdə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması nəticəsində aparılan xarici iqtisadi fəaliyyətin əsasən qeyri-neft sektorunun payına düşdüyü vurğulanıb. Qeyd edilib ki, bu günədək 5000-dən çox biznes subyektinin nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə səsləndirilən rəy və təkliflər sistemin təkmilləşdirilməsi məqsədi ilə nəzərə alınıb.