Yaşı 70-dən artıq olan iki ağır atletimiz dünya çempionatında medala yiyələndi

0
396

24-29 may tarixlərində ustad ağır atletlər arasında dünya çempionatı keçirilib. 

80-ə yaxın ölkədən toplam 758 atletin (399 kişi + 359 qadın) qatıldığı yarış qeyri-ənənəvi formada – onlayn təşkil olunub. Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmadığından, Beynəlxalq Ağır Atletika Federasiyası alternativ yarış keçirilməsi qərarı qəbul edib. Dünya çempionatında iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan vaxtda “Zoom” proqramı vasitəsilə qoşulub, hər biri öz yanaşmasını müvafiq qaydalara uyğun və sıralama ilə yerinə yetirib. Azərbaycandan yarışda dörd idmançı iştirak edib. Onların hər biri uğurlu çıxışla yadda qalıb. 

Yaşı 70-74 arası olan atletlərin (M-70) qrupunda Səddar Quliyev (“Zirvə”) 81 kq çəki dərəcəsində toplam 138 kq (59+79) nəticə ilə, 96 kq çəki dərəcəsində Vladimir Jilyayev (“Zirvə”) toplam 151 kq (66+85) nəticə ilə gümüş medal qazanıb. Yaşı 35-39 arası olan atletlərin (M-35) qrupunda Virur Bayramov (“Dinamo”) 89 kq çəki dərəcəsində toplam 299 kq (136+163) nəticə ilə gümüş medala sahib çıxıb. 96 kq çəki dərəcəsində çıxış edən Elnur Hüseynov (“Zirvə”) isə toplam 331 kq (150+181) nəticə ilə dünya çempionatının qızıl medalını qazanıb. O, həm də öz yaş qrupunda dünyanın ən yaxşı atleti seçilib.