Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.
Fərmanla Fondun vəsaitindən istifadə istiqamətləri də müəyyənləşib. Sənədə əsasən, vəsait şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər üzrə istifadə ediləcək.
Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.