YAP “The Guardian”-dan təkzib tələb edir

0
422

“The Guardian” qəzetinin elektron saytında Erre Gálvezin müəllifi olduğu “Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlövhəli məqalə dərc edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edir ki, məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunub.

Çünki müəllif ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif “Azad söz” facebook səhifəsində aparılmış “araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.

Məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir. Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir”,-deyə YAP bildirib.

“The Guardian” qəzetinin redaksiyasının diqqətinə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının 760 mindən çox üzvü var. Bu üzvlərin 300 minə qədəri gənclərdir.

“YAP-ın bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir.

YAP-ın və partiya sədri Prezident İlham Əliyevin bu qədər partiya üzvləri tərəfindən dəstəklənməsinə trol adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir. Rəsmən bəyan edirik ki, “Azad söz” facebook səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin də YAP-a aidiyyatı yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb. Digər tərəfdən, “Azad söz” facebook səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.

Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük trol şəbəkəsinə məhz onlar sahibdirlər. Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib. O, 2014-cü ildə mətbuat konfransında deyib ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə “saxta facebook profillər”i var. AXCP-də partiya funksionerlərinə “facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb:

“Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”

ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilovun, Sevinc Osmanqızının da etirafları var ki, AXCP trolları onları təhqir edir, hətta öldürəcəklərini, çökdürəcəklərini, bildirir, təhdid edirlər.

AXCP-nin üzvü olmuş Qorxmaz Əliyev, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli, müxalif REAL Partiyasının sədri İlqar Məmmədov, Aydın Kərimov və başqaları da AXCP trollarının təhqirlərinə məruz qalıblar.

AXCP və Əli Kərimli trol qruplarından siyasi rəqiblərinə qarşı “mənəvi terror” silahı kimi istifadə edir”.

Qeyd olunub ki, AXCP-nin və Əli Kərimlinin şəxsi maraqlarına uyğun olmayan insanlar təhqir olunur, onların şəkilləri, videoları “Azadlıq” qəzetinin, AXCP, AXCP GK facebook səhifələrində paylaşılır və trollar vasitəsilə təhqir olunur.

“AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısı da Əli Kərimlinin trol şəbəkəsini ifşa edir.

Bu linklərin hər biri AXCP-nin və Əli Kərimlinin böyük trol – “təhqir maşını”na sahib olduğunu isbatlayır. Bu baxımdan, hesab edirik ki, “The Guardian” qəzetinin YAP haqqında yazdığı böhtan, şər AXCP-nin və Əli Kərimlinin trol şəbəkəsini ifşa etdiyi üçün YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

Bir sözlə, AXCP-nin trol fəaliyyətini ifşa edən faktlar çoxdur. “The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontektsdə “The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. Bu səbəbdən də, “The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun”.