Yaman da var, yanan da var: Alov təkcə meşələri məhv etmir

0
579

Hətta insan belə, şüurlu olsa da, meşə yanğınından asanlıqla canını qurtara bilmir, tüstüdən boğulur

 Hələ bir neçə gün öncə Azərbaycanın dörd bir yanında meşə yanğınları tüğyan edirdi. Hirkan qoruğundan tutmuş, Qəbələ meşələrinədək, Qubadan tutmuş, Oğuzadək böyük bir ərazidə meşə yanğınlarının şahidi idik.

Meşə yanğınları zamanı od ağacları, kolları, tədarük edilmiş meşə materiallarını yandırıb məhv edir, yaxud zədələyir. Oddan zədələnmiş ağaclar zərərli xəstəliklərin yayılma mənbəyinə çevrilir ki, bu da nəinki bilavasitə zədələnmiş sahələrin, həm də ətrafdakı meşəlik ərazinin yoluxmasına və tələf olmasına səbəb olur. Yanğın nəticəsində meşənin qoruma, susaxlama və digər faydalı xassələri azalır.

Amma meşə yanğınları zamanı təkcə flora deyil, fauna da məhv olur. Bura torpağın altında və üstündə olan mikroorqanizmlərdən tutmuş, vəhşi heyvanlara qədər olan bütün canlılar daxildir.

Bəzi heyvanlar yanğından qurtulsa da, digərləri alovların içində məhv olur. Və maraqlıdır ki, yanğınlar zamanı məhv olan heyvanların təqribi də olsa statistikası aparılmır.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev açıqlamasında bildirib ki, meşə yanğınları hamını narahat edən məsələdir: “Bu yaxınlarda Goranboy rayonun Erçəç kəndi yaxınlığında yanğın hadisəsi baş vermişdi. Meşənin yaxınlığında yerləşən taxıl sahəsini biçindən sonra aqrotexniki tədbir kimi yandırmışdılar. Çox böyük yanğın baş vermişdi və alov meşəyə nüfuz etmişdi. Yanğınsöndürənlər həmin yanğını söndürdü, amma yanğın böyük zərər verdi”.

Ekoloqun sözlərinə görə, yanğınlar zamanı flora və fauna böyük zərər görüb. Bunun dəqiq statistikasını meşə təsərrüfatı idarələri aparmalıdır: “Bu qurumlar bilməlidir ki, həmin meşələrdə nə qədər heyvan yaşayır, yanğın nə qədər ərazini əhatə edir və bu qədər ərazidə təqribən nə qədər heyvan tələf olur. Heyvanların heç də hamısı qaçıb canını qurtara bilmir. Tüstüdən boğulan, zəhərlən heyvanlar çox olur. Sürünənlər isə yanğın hiss edən kimi xəzəllərin altına gizlənməyə çalışır. Və yanaraq məhv olur”.

C.Məmmədov əlavə edib ki, yanğınların qarşısını almaq üçün cərimələr, göstərişlər bəs etmir: “İnsanların məsuliyyəti boynundan atması üçün qanunda kifayət qədər boşluqlar var. Bütün yanğınların günahkarları var, amma təəssüf olsun ki, heç kim yanğınlarda günahkar olanları cəzalandırmır”.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov açıqlamasında bildirib ki, meşə yanğınları zamanı fauna növləri fəlakətlə qarşılaşır. Heyvanlar tək alovdan deyil, həm də tüstüdən boğulub ölürlər. Hətta insan belə, şüurlu olsa da, meşə yanğınından asanlıqla canını qurtara bilmir, tüstüdən boğulur: “Sürəti az olan heyvanlar – həşəratlar və digər onurğasızlar, sürünənlər, xırda məməlilər daha çox məhv olur. Quşların uçub qaçma şansı çox olsa belə, meşə yanğınında onlar da çox tələf olur, yuvaları, yumurtaları, balaları yanır”.

E.Əsgərov qeyd edib ki, yanğınların qarşısını almaq üçün əraziyə daxil olan insanlarla ciddi maarifləndirmə işi aparılmalıdır. Yanğınların əsas səbəbkarı insanlardır. Onlar ya ehtiyatsızlıqdan, ya qəsdən meşələri yandırırlar.

Qlobal iqlim dəyişmələrinin də meşə yanğınlarında rolu var, quraq keçən illər meşənin alışmasını asanlaşdırır: “Azərbaycandakı yanğınların səbəbi öncə tədqiq edilməlidir. Əgər bu qəsdən törədilirsə, onda cinayət tərkibi var və bu işlə hüquq mühafizə orqanları məşğul olmalıdır”.

Onun sözlərinə görə, yanğın təsadüfən baş veribsə, onun yolu maariflənmədən, preventiv tədbirlərdən keçir və bu işi meşəçilər görməlidirlər. Meşə təsərrüfatı idarələri, fövqəladə hallar qurumları hazırlıqlı olmalıdırlar.