Sosial şəbəkələrdə yenə də haray çəkilir: Kür quruyub. Yay aylarında Kürün suyunun azalmasını başa düşmək olar. Yağış yağmır, quraqlıq öz təsirini göstərir. İndi isə qışın oğlan çağıdır. Az qala, ölkənin bütün ərazisinə bir aya yaxındır ki, sərasər yağış yağır. Rəsmi açıqlamaya görə, hətta bəzi yerlərə normadan artıq yağıntı düşüb. Bəs belə olan halda Kürdə suyun qəhətə çəkilməsinin səbəbi nədir?
Məsələ ilə bağlı ekoloq Telman Zeynalov açıqlamasında bildirib ki, 10 ildir Kür çayında quruma gedir: “Bu quraqlığın bir-neçə səbəbi var. Onlardan ən başlıcası budur ki, Kürdə bəndlər tikib, balıq yetişdirirlər. Həmin bəndlərin tikintisi zamanı da çoxlu su itkiyə gedir.
Eyni zamanda tikinti üçün Kür çayının daşlarından istifadə edirlər. Daş və qum çıxarmaq üçün qazıntı işləri aparırlar. Bu da nəticə etibarilə çayın dərinləşməsinə gətirib çıxarır. Xəzər dənizinin çaya axması da torpaqların şoranlaşmasına səbəb olur”.
T. Zeynalov qeyd edib ki, yağışın yağması çaydakı suyun artmasına təsir göstərməyəcək.
Ekoloq Ənvər Əliyev bildirir ki, Kür çayı sanki adi bir kanala çevrilib. “Çay 100 illər boyu qida mənbəyi olub. Hətta İkinci Dünya müharibəsi zamanı qıtlıq olanda əhali çaydakı balıqlarla qidalanırmış. Amma indi çayda nə balıq qalıb, nə də su. Hazırda Kür çayı üzərində nəhəng su-elektrik stansiyaları yaradılıb. Buna görə də çayın suyu quruyur.
Kür çayından gələn su ilə Xəzər dənizindən gələn axın birləşir və balıqçılıq üçün problemlər yaranır. Əgər çayın suyu tamamilə qurusa, ətraf ərazilərin hamısı artıq ölü ərazi sayılacaq. Mənim hesablamalırıma görə, mövcud su anbarlarında 32 milyard kub metrdən artıq su var”.
Ekoloqun fikrincə, elektrik enerjisindən günəş enerjisinə keçilməlidir. Bu sistemə keçdikdən sonra, müəyyən hissə su verilməlidir Kür çayına. Çünki artıq enerji sudan yox, günəşdən alınacaq. Əgər belə olsa, Kür çayı qurumaqdan xilas olar. Bu planı həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır.