Yadplanetli axtarışında: tədqiqatın nəticələri açıqlandı

0
611

Kosmosda canlıların axtarışına yönəlmiş “Breakthrough Listen” layihəsinin alimləri ilk üç il ərzində aparılan müşahidələrin nəticələrini açıqlayıb.

Bu barədə “Hi-News” informasiya texnologiyaları portalı məlumat verir.

100 milyon dollarlıq büdcəsi olan layihəni 2015-ci ildə investor Yuri Milner və mərhum nəzəriyyəçi-fizik Stiven Hokinq işə salıb. Layihədə bizə ən yaxın bir milyona yaxın ulduzun, həmçinin, Süd Yolu yaxınlığında yerləşən 100 qonşu qalaktikanın “skan” edilməsi nəzərdə tutulur.

Məlumata görə, tədqiqat qrupu artıq 1327 ulduzu təfsilatlı şəkildə “skan” edib, orada potensial yadplanetli texnologiyaların göndərdiyi siqnalların olub-olmamasını araşdırıb. Rəsmi hesabata görə, hazırda ictimaiyyətə açıq olan bir petabayta (bir milyon qiqabayt – red.) yaxın rəqəmsal məlumat toplanılıb.

“Bu qədər məlumatın dərc olunması “Breakthrough Listen” komandası üçün böyük nailiyyətdir. Milyardlarla müxtəlif tezliklərlə minlərlə saat ərzində aparılmış müşahidələrin nəticələrini təhlil etmişik. Hələlik süni siqnal izləri aşkarlamamışıq, ancaq bu, o demək deyil ki, həmin ulduzların heç birində şüurlu həyat yoxdur: ola bilər, lazım olan yerdə axtarmamışıq və ya lazımi siqnalı tutmaq üçün kifayət qədər dərinliyə varmamışıq”, – deyə tədqiqat qrupunun üzvü, Kaliforniya Universitetinin alimi Denni Prays bildirib.