“Ya Nora, pomniş menya, soldat?!”

0
617

“Ya Nora, pomniş menya, soldat?!”

Azərbaycanın istedadlı şair-publisisti, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs bir neçə gün əvvəl qələmə aldığı, Qarabağ müharibəsinin ağrı-acısından bəhs edən “Duman” adlı hekayəsini “Qafqazinfo”ya təqdim edib. Gündəmin siyasətlə qızğın olduğu bir dönəmdə həssas mövzuya həsr olunan bu gözəl hekayəni oxucuların ixtiyarına veririk.

DUMAN

(hekayə)

“Həqiqəti, həqiqəti sizə deyirəm…”

(İncil, 12-ci fəsil)

Proloq əvəzi:

…atəş altındakı kəndin

   döşəməsi kol

   tavanı təpə

   evləri zirzəmi

   söyüşü beşmərtəbə…

***

Sarı “Moskviç”in burnu darvazanı aralayan kimi Dumanın səsi həyəti başına götürdü:

– Bu nə vaxtın tut çırpmağıdı, səhərin gözü açılmamış?!

Qız-gəlin əlini karxanadan çəkdi, Şəmi – toxmaqqarışıq! – ağacdan yerə tullanıb çəpəri o üzə adladı. Darvazanın qapısını arxamca örtəndə dəmir kravatın üstündə təsbeh çevirən bibimin qışqırığını eşitdim:

– O bir də bu qapıdan girməyəcək, dədəni dərin getsin, necə ki getdi!..

…Kənddə məni təzə bəy kimi qarşıladılar: qonaq çağıran kim, çolpa kəsən, araq daşıyan kim… hava qaralanda atışma başladı, Qarabulaqdan biz tərəfi avtomata tutdular, bibim oğlu qoşalüləsini götürüb posta yollandı, nə qədər eləsə də, böyründən əl çəkmədim, qağam (biz onu elə çağırardıq) hər əlini tətiyə aparanda qarabulaqlıların əkəni-doğanı qalmırdı, daşın dalına qısılıb tüfəng atmaq növbəsini gözləyən könüllülərdən kimsə Dumana söz atdı:

– Qızlarını niyə söymürsən?

Bibimoğlu qoşalüləni ona uzadıb postdan aralandı. Atışma kəsəndən sonra məni bir az ordan-burdan sorğu-suala tutdular, sonra özləri başladılar:

– sən əsgər gedəndən bir il sonra qonşu kəndlər bizə düşmən kəsilib,

– deyirlər, Qarabağ bizimdi,

– hər gün Təzəkənd, Qarabulaq erməniləri kəndimizi atəşə tutur,

– silahımız yoxdu, bircə bibin oğlunda qoşalülə var, o da anbardardı deyə, milis dəyib-toxunmur,

– Bəbiş Ursetdən qayıdıb, ermənilərə xəbər yollayıb ki, özlərini yığışdırsınlar…

Səhəri gün kəhrizin üstündə aşıq Məmmədlə qarşılaşdım, atın belindəydi, yanından keçəndə öz-özünə danışırmış kimi dedi: “O dədəmin goruna, kənddə üzünə yağış düşəsi adam qalmayıb”. Bu vurhavurda həyətinə asfalt tökdürən Məhər kişi mənimlə məzələnməyə ərinmədi:

– Bacoğlu, qapıbır qonşu olmuşuq bu imansızlarnan, kəndi alsalar, evləri talayacaqlar, məni də qəşəng tanıyırlar, deməsinlər, Məhərin öyünə lıqqadan, palçıqdan girmək olmur!

Sinif yoldaşım axşam məni götürüb tut arağı içməyə apardı, mən bir qurtum almamış butulkanın axırına çıxdı, onu oturduğu yerdə yatılı qoyub evə tələsdim, nəyisə bəhanə eləyib mamamın boyunu ölçəcəkdim, arvad bu iki ildə əməlli-başlı gödəlib! Qardaşlarım iki dəfə məktubla şəklini yollamışdılar, ikisində də mənə balaca görünmüşdü, “yəqin, pis çəkilib” deyə özümü tox tutmuşdum, amma indi kor-kor, gör-gör, mamam əl boyda qalıb. Mən əsgər gedəndən mamamı şəhərə aparmışdı qardaşlarım, ev-eşik yiyəsiz qalmışdı, mamam mənim qayıtmağımdan çox özünün kəndə dönməyinə sevinirdi, o da iki ildi evindən ayrı düşmüşdü, darvazanın kilidini açandan evi silib süpürürdü. Ayaq səsimi eşidib:

– Sabah tez dur, – dedi, – səndən ötrü tut çırpdırır bibin, birdən içib onu öpərsən, üzünə baxmaram!

…Bu da tut yeməyin axırı!

Həyət-baca tutnan doludu, gərək görməmiş kimi Dumanın qapısına gedəydim, o da səni it kimi qova, sənə haqq olur ey, haqq!

…Bibim içəri girməyiynən dizini yerə qoydu:

– Ya bizə gedirik, ya ölümün üstünə qoymaram səni!

Səhərki tutun altında böyük süfrə açılıb, oturmağımla Dumanın araq süzməyi bir oldu, dinməzcə başıma çəkdim, bu, o deməkdi ki, aramızdakı böyük-kiçik söhbəti qurtardı, postda qarabulaqlıların yeddi arxa dönənini mənim yanımda söydün, səhər məni qapından qovdun, mən də əcəb eləyib sənnən araq vururam, noolsun, mənnən otuz yaş yekəsən, noolsun, yanımda ağbirçək bibim oturub, noolsun… Duman sözümü kəsdi:

– Hə, dayoğlu, sən deyən sağlığa!

Ürəyimdə danışdığımı hamı eşıdıbmış! Əməllicə sustaldım, pərtliyimi görən bibim gəlini araya söz atdı:

– Geri oxumağa gedirsən, ya İradan-zaddan varındı, xatakar? – Qızarıb “nikak net” dedim. Kimsə “ay blin!” deyib qəşş elədi. Qadın səsiydi. Yox, kefliyəm! Bibimgildə “blin?!”

– Kto skazal “blin”?

– Ya Nora, pomniş menya, soldat?!

Süfrəyə zənnlə baxdım, stolda sütül qız varmış, teli üzünə dağılı, qabağında da rumkası. Duman məni dümsüklədi: “Qarabulaqlı Qrişanın qızıdı, bizə kabab yeməyə gəlirdilər ey!..”  Arıq, hündür Qrişanın motosikli vardı, yayda hər bazar bibimgilə gələrdi, arvadı lülkaya güclə sığırdı, bibim gəlini əvvəl qızı düşürərdi, sonra qağam Qrişanın arvadının əlindən tutub lülkadan dartardı, bibim gəlini bir yol ərinə çımxırmışdı:

– Niyə qoymursan, əri düşürsün?

Qrişanın arvadı uğunmuşdu:

– Məni bu quyudan çıxarsa, ancaq Duman çıxarar!

Sonra stol açılardı, Qrişa, arvadı, Duman tut arağı vurardılar, qoyun kababından mənə də pay düşərdi, bir gün Duman Qrişadan soruşmuşdu, sən niyə ancaq qoyun kababı yeyirsən, nətər ermənisən, mən müsəlman ola-ola donuz kababından ötrü ölurəm, Qrişa cavabında demişdi, ara, donuzlarım sənə qurbandı, hər bizə gələndə kəsib yedirirəm sənə, daha nə istəyirsən, qağam əl çəkməmişdi, yox ey yox, sən öz evində də donuz yemirsən, nə məsələdi? Qrişa məcbur olub düzünü deyir: Sən demə, o, bir gün donuz otaranda heyvan yeri batırır, sonra öz po.unu yeyir, Qrişa həmin gündən donuz ətindən iyrənir. Qağama bu əhvalatdan sonra üç ay sistem qoşuldu, ölüb ölümdən döndü, ermənini qapısına qoymadı, Qrişanın arvadı nə şirinlik elədisə, kirvələr təzədən barışdılar.

Erməni-müsəlman davası başlayandan sonra kəndlərin get-gəli kəsilmişdi, Qarabulaq kəndimizi atəşə tutanda ilk postu qağam yaradıbmış, könüllülər onu yaşına, bir də tüfənginə görə başçı seçirlər, Duman ovçuydu həm də, günlərin bir günü ov dalınca Qarabulaq tərəfə yollanır, kolluqda Qrişayla qızı Noranı görür, əlini silaha atanda Qrişa ilan dili çıxarır, qızımı burda gizlədirdim, Allah səni yetirdi, deyir, Qarabulağa xaricdən saqqallılar gəlib, davanı salan onlardı, hər gün bir evə soxulub arvadı-qızı zorlayırlar, növbə bizimdi, arvad cəhənnəmə, – Qrişa doluxsunur, – amma Nora uşaqdı, onu apar evinə, mən xəbər eləyəndə qaytararsan, qaçıracam Rostova, rus ofiserlə danışmışam, üç min pul istəyib, ordan-burdan tapıb verəcəm.

Duman Noranı yanına salıb evinə gətirir.

Noranın gülüşü təzədən həyətə yayıldı:

– Mən səhər gec dururuam, sənə tut çırpan olanda… düz dedim? – duruxdu –mən yatmışdım, kirvəm ona görə acıqlanıb ki, Noranı narahat edirsiz.

Qağam başını aşağı saldı…

Səhəri günü Noranı görmədim.

Bir ay sonra Dumanı anbardan çıxardılar: üç min əskiyi varmış…

Epiloq əvəzi:

…Kəndimiz dağın döşündəki taxıl zəmisini xatırladırdı, adamlar dən axtaran quşları. Günlərin bir günü bir dəstə yaraqlı yalı bəri adlayıb zəmini odladı, quşlar pərən-pərən düşdülər, indi onların səsi yataqxana damlarından gəlir…