Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi” – FOTO/VİDEO

0
533

44 günə illərin həsrətini sığdıran şanlı Azərbaycan ordusu. Ordumuzun igid oğulları illər sonra vətən həsrətinə son qoyaraq doğma torpaqlarımızı azad etdilər.

O torpaqlar ki, orada neçə-neçə şəhidimizin ruhu bir gün rahatlıq tapacağı günü gözləyirdi. O gün gəlib çatdı. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu qələbə qazandı. Tarixi zəfərin müəlliflərindən olan 2783 şəhidimiz bu qələbəni bizimlə qeyd edə bilməsə də, onların da, bütün şəhidlərimizin də ruhu artıq şad və azaddır. Şəhidlərimizin qisası alındı.

Vətən müharibəsi şəhidlərindən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Anar Əliyevdir.

Anar Əliyev 1997-2001-ci illərdə Ali Hərbi Məktəbin məzunu olub. Xidmət etdiyi müddətdə Xüsusi Təyinatlıların zabiti olub. Bir müddət xüsusi təyinatlı dəstənin bölük komandiri olan Anar Əliyev nə az, nə çox beş xarici dil bilirdi.

Şəhid polkovnik-leytenant Türkiyədə, Macarıstanda, İsveçrədə, Sloveniyada, Pakistanda keçirilən hərbi təlimlərdə iştirak edib. Peşəkar hərbçi olan Anar Əliyev əsgərlərinin də xatirəsində qürurlu, mərd komandir kimi qalıb.

Dəfələrlə kəşfiyyat xarakterli ən çətin tapşırıqları yerinə yetirib. Sonuncu təlimində Pakistanda olub.

Şəhidin yaxınlarının  verdiyi məlumata görə, A.Əliyev kəşfiyyatla bağlı biliklərini kitab halına salıb, xüsusilə də ingilis dilində dərc etdirmək istəyirdi.

Vətən müharibəsi başlayanda Anar Əliyev də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb.

Oktyabrın 11-dən döyüşlərdə qəhrəmancasına iştirak edən polkovnik-leytenant Zəngilan, Qubadlı, Cəbrayıl və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu Ali Baş Komandan İlham Əliyevə də məhz Anar Əliyev məruzə edib.

10 gün ərzində keçirilən dörd uğurlu əməliyyatda əhəmiyyətli rol oynayıb. Arzusu idi ki, Şuşanı azad etsin, Kəlbəcərə üçrəngli bayrağımızı sancsın. Kəlbəcəri işğaldan azad etdikdən sonra 28 ildir əhd etdiyi bayrağı o torpaqlara sancdı.

Sonuncu döyüşü Xocavəndin Tuğ kəndi uğrunda oldu. Onun dəstəsi Şuşaya yolu açan yüksəkliyi alan qrup olub. Özü isə Tuğ döyüşündə qəhrəmancasına şəhid olub.

Prezidentin fərmanı ilə ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb.

Onun əsgərləri Şuşanı azad etdikdən sonra Şuşa şəhər İcra Hakimiyyətinin binasının başına şəhid Anar Əliyevin və digər bütün şəhidlərin şərəfinə üçrəngli Azərbaycan bayrağı sancdılar.

Şəhid polkovnik-leytenantının yaxınları deyir ki, o, ən yaxın dostu olan Dilqəm Əsgərovu azad etmək, onu yenidən Vətəndə görməyi çox istəyirdi:

“Düzdür, Anar Əliyev onların Vətənə qayıtmasını dünya gözü ilə görə bilmədi. Amma əminik ki, ruhu rahatlıq tapdı”.

Allah rəhmət eləsin!