Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür, tərəddüd etmir. “Vətən çağırır” deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən üç güllə yarası alır.
Xüsusi təyinatlı çavuş Ramiz Ağayev haqqında süjet hazırlanıb.
Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir.
Anası Məlahət Ağayeva xatırlayır:
“Dedi ki, gözümün önündə yoldaşlarım şəhid oldu, gedəcəyəm. Əlimi-qolumu sallayıb xəstəxanadan evə qayıtmayacam. Fəxr edirəm ki, belə oğul böyütmüşəm”.
Dayısı Asəf Fərzəliyev son telefon zəngindən danışır:
“Suqovuşandan zəng edib danışdıq. Dedim ki, yaralısan evə get, ata-anan səni gözləyir. Mənə dedi ki, neçə yaşın var. Dedim, 60. Harada olduğumu soruşdu. Suqovuşanda olduğumu dedim. Dedi ki, mənim 26 yaşım var, mən niyə evə gedim. Yerim səngərdir, yoldaşlarımın yanıdır”.
Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında İkinci Fəxri Xiyabanda dəfn olunur.