Bu gün səhər saatlarından etibarən Bakıda ekspress marşrut xətlərini gözləyən insanlar arasında yenə də sıxlıq yaşanıb. Gözləmə yerlərində 10-dan çox adam bir yerə toplaşıb və bununla da karantin rejiminin tələbləri pozulub. Sərnişinlər isə avtobusların gec gəldiyini və buna görə də, sıxlıq yaşandığını bildirirlər.
Media məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. O, paytaxtda yetərincə avtobusların olduğunu deyib: “Insanlardan yeganə o tələb olunur ki, onlar karantin rejiminin tələblərinə əməl etsinlər”.
Xatırladaq ki, ötən gün Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə marşrut avtobuslarında yaranan sıxlıqdan danışmışdı. Bildirmişdi ki, martın 31-də metroda 66 min sərnişin daşınıbsa, aprelin 1-də ekspress xətlərdə 68 min insan daşınıb: “Marşrut xətlərinə 2-3 avtobus əlavə edilib. Sıxlıq olmaması üçün insanlar evdə oturmalıdır. Zərurət olmadan evdən çıxan insanlar var. Biz reyd apardıq, ictimai nəqliyyatdan istifadə edənlərdən biri deyir oğlumu görməyə gedirəm, digəri deyir gəzməyə çıxmışam. Vətəndaşların gündəlik davranışları dəyişməlidir”.