Xudayarın səsi ilə “Son zəng”… – Foto+Video

0
425
Xudayarın səsi ilə “Son zəng”...

Bu gün bir illik fasilədən sonra Bakının ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. 

Paytaxtın Xətai rayonunda yerləşən 27 nömrəli məktəbdə keçirilmiş “Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər. “Son zəng” ilk dəfə olaraq birincilərsiz və məzun valideynlərinin iştirakı olmadan keçirilib. Məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə baş tutan tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Ən təsirli məqamlardan biri isə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısının səslənməsi olub. 

Məktəbin direktoru Könül Həsənova da “Son zəng” tədbirinin karantin qaydalarına əməl olunmaqla keçirildiyini bildirib: “Bu tədris ilinin “Son zəngi”ni karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil eləmişik. Məktəbimizin yüzdən çox məzunu üçün “Son zəng” iki mərhələdə keçiriləcək. Bu yeganə “Son zəng”dir ki, burada nə valideynlər, nə də birincilər iştirak edirlər. Məzunlarımızın yolları açıq olsun, onlara müvəffəqiyyət arzulayıram”.

Direktor həmçinin əlavə edib ki, bu “Son zəng” tədbirindən əlavə nə məktəb daxilində, nə də məktəbdənkənar hər hansı digər tədbir planlaşdırılmayıb. 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 874, XI siniflərini isə 20 024 nəfər bitirib.