Xorvatiyalı futbolçu: “Mahirin gəlişi ilə “Dinamo” böyük güc qazanar”

0
274

“Mahir Emrelinin gəlişi ilə “Dinamo” böyük güc qazanar”.

Bunu Zaqreb “Dinamo”su və “Legiya”nın keçmiş futbolçusu İvitsa Vrodyak deyib.

39 yaşlı mütəxəssis “Legiya”dan ayrılmaq niyyətində olan Azərbaycan millisinin hücumçusunun “Dinamo”ya keçməsinin Xorvatiya klubunu gücləndirəcəyini düşünür. O, Emrelini vaxtilə “Dinamo”da çıxış etmiş İsveçrə millisinin hücumçusu Mario Qavranoviçə bənzədib: “Üstəlik, Mahir Mariodan bir qədər də sürətlidir. Tez-tez özünə fürsətlər yaradır. “Legiya”nın “Napoli” və “Lester” kimi komandaların olduğu qrupda bir ara ilk pillədə qərarlaşmasında onun uğurlu çıxışının böyük rolu var idi”.

İvitsa Vrodyak 25 yaşlı forvardın xorvatiyalılara havayı keçmə ehtimalına da toxunub: “Legiya” azarkeşləri klubun avtobusuna hücum çəkdikdən və futbolçulara xəsarət yetirdikdən sonra Mahir müqaviləyə xitam vermək fikrinə düşüb. Bu isə o deməkdir ki, “Dinamo” onu pulsuz heyətinə qata bilər. Bu, zaqreblilər üçün əla fürsətdir. Mənə elə gəlir ki, Emreli “Dinamo”da Bruno Petkoviçlə əla tandem təşkil edə bilər. Çünki hər ikisi tam fərqli oyunçudur”.

Qeyd edək ki, “Legiya”nın düşərgəsinə qayıtmayan Mahir Emreli müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərib.