Xocavənddə kütləvi məzarlıq aşkarlanıb

0
348

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

İşçi qrupunun üzvü Zaur İsmayılov açıqlamasında bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var: “Araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur. Artıq Dövlət Komissiyasında məlumatlar var, GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların təxmini sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq”.

Zaur İsmayılov onu da qeyd edib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.