Xocalıya qayıdış. Gözəl səslənir, deyilmi? Bu iki sözdən ibarət cümlədə nələr yoxdur ki? Göz yaşı, sevinc, təəccüb… adamın tükləri ürpəşir…
Xocalıya xoş gəlmisiniz! Bir Xocalı sakinin dilindən eşitdiyim bu söz iliklərimə kimi işlədi. Özümdən biixtiyar gözlərim doldu…
15 illik televiziya fəaliyyətim dövründə hər il Xocalının işğalı günü yaxınlaşdıqca, o dəhşətli faciənin canlı şahidləri ilə sayını itirdiyim qədər müsahibələr alıb, silsilə reportajlar hazırlamışam. İlahi, onlar danışdıqca, adam ölüb-dirilirdi sanki. Hər dəfəsində ürəyimdə deyirdim ki, onlar bu dərdə necə dözüblər?
Ofeliya ana yadıma düşür… İllər əvvəl Xocalının anım günündə müsahibə almışdım.
“Ay qızım, adam bilmir haradan, necə başlasın. Nə deyim, hansını deyim? Sözlərə sığmaz, cümlələrlə ifadə olunmaz bir faciənin canlı qurbanlarıyıq.
O qarlı, şaxtalı gecədə bir qız köynəkdə, ayaqyalın qaçmışdı. Onun ayaqlarından qan süzülürdü. İnanın, artıq elə bir vəziyyət yaranmışdı ki, insanların bədənindəki qanı donmuşdu. Amma özlərində güc, təpər tapıb qaçırdılar. Ana baladan ayrı, bala anadan…”
Bir də ən çox Səadət xanımı xatırlayıram. Qarqar çayına pənah apararaq sağ qalmaq uğrunda ölüm-dirim savaşı aparan yüzlərlə xocalılardan biri. Xocalı faciəsi zamanı son günə qədər Xocalıda qalan tibb bacısıdır Səadət Zeynalova. 5 gün ac-susuz meşədə qalıb, nələrin şahidi olmayıb ki… O qədər belə müsahiblərim olub ki.
İkinci Vətən müharibəsində igid oğullarımız, şəhidlərimiz canı-qanı bahasına işğal altında olan torpaqlarımızı bizə qaytaran zaman nədənsə ürəkdən tam sevinə bilmirdim. Ta ki, o günə kimi.
Xocalı işğaldan azaddır!
Mən xocalılı deyiləm, o torpaqlarda da heç vaxt olmamışam. Amma illər ərzində o müsahibləri ki, görüb tanıdım, onların ağrılarını iliklərimə kimi hiss elədim, elə bil elə mən də onlardan biri oldum. Mən Xocalını elə ən azı xocalılar qədər çox sevirəm. Yaxşı yadımdadır, o vaxt Səadət xanım demişdi ki, qızım, təki Xocalı alınsın, sürünə-sürünə gedəcəm torpağımıza.
Və budur , 32 ildən sonra Səadət xanımın anası Bəsti Əliyeva:
“Xocalıya xoş gəlmisiniz, evimizə xoş gəlmisiniz, cənab Prezident!” deyir.
Bu yuxu deyil, gerçəkdir.
Xəyalı nə qədər ağrılı, nisgilli, göz yaşı ilə bol olsa da, gerçəkliyi o ağrılara məlhəm olacaq qədər möhtəşəm hissdir.
Ayaqyalın, ac-susuz, qarın, buzun içində qaçıb canını xilas etmək istədiyin yurduna 32 ildən sonra üzündə gülüş, ürəyində həyəcan, sözlərlə ifadə olunmayacaq fəxarət hissi ilə geri dönürsən.
Düzdür, qaysaq bağlayan o yaralar birdən-birə sağalmayacaq. Amma bir də yaşanmayacaq! Bunun üçün tökülən qanlara, verilən canlara dəyərmiş. Ruhunuz şad olsun, tarix yazan igid oğullar!
Gözünüz aydın olsun, əziz Xocalılar. Qayıdışınız mübarək!