Xocalı soyqırımını törətməkdə təqsirləndirilənlərdən Raşid Beqlaryana HÖKM OXUNDU

0
47

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub.

Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə Raşid Beqlaryanın hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, hadisəni törədərkən anlaqlı olduğu hesab olunub. Məcburi müalicəyə ehtiyac olmadığı bildirilib.

Həmçinin, cinayət işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib.

Daha sonra dövlət ittihamçısı R.Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxs Əkbər Hüseyn oğlu Hüseynov çıxış edərək təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş edib:

“Əsgər yoldaşımı öldürüb, qanını mənə içiriblər. Bizi görəndən sonra o gedib Xocalıda danışdı. Yalan deyir, tamaşa etmişəm. Kino çəkmirdi. Gəlib indi məhkəməyə deyir, tanımıram” .

Beqlaryan məhkəmədə son söz deyib:

“Məni ixtisasıma görə sürücü kimi orduya çağırdılar. Əmrdən heç kim qaça bilməz. Mənə nə deyiblərsə, maşına yükləyib daşımışam. Xahiş edirəm ki, daha yüngül cəza verəsiniz”.

Məhkəmə müşavirəyə yollandıqdan sonra hökm elan edilib. R.Beqlaryan 15 il müddətinə həbs edilib.

Qeyd edilib ki, o, bu müddətin beş ilini həbsxanada, yerdə qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.