Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan martın 10-da azad edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.
M.Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. O, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. Nacaryan Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib.
L.Abdullayeva qeyd edib ki, M.Nacaryan şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib.
“Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.
Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan beş qadının əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb”.