XİN: “Laçın yolunun fəaliyyətinə müdaxilə Ermənistanın işğalçılıq siyasətini hələ unutmadığının göstəricisidir

0
205

“Azərbaycanın suveren ərazisi olan Laçın yolunun fəaliyyətinə müdaxilə etməsi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətini hələ də unutmadığının göstəricisidir. Halbuki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanındığını dəfələrlə bəyan edib”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən söyləyib.

Laçın yolu ətrafında yaranmış vəziyyətə dair əsassız iddialara da cavab verən A.Hacızadə deyib:

“Bir daha xatırladırıq ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti, həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Ermənistanın Laçın yolundan sui-istifadənin qarşısını almaq əvəzinə, üçtərəfli Bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə yeni istehsal edilmiş minaları Azərbaycana gətirməsi, Ermənistanın rəhbər şəxsləri tərəfindən də təsdiq edildiyi kimi, Azərbaycan ərazisindən hələ də çıxarılmayan erməni qüvvələrinin təchizatını və rotasiyasını davam etdirməsi, Azərbaycan ərazisində qanunsuz çıxarılan təbii sərvətlərin Ermənistana nəqlini təşkil etməsi faktları bir daha sübut edir ki, Ermənistan öhdəliklərinin icrasında maraqlı deyil, Azərbaycana qarşı işğalçılıq siyasətini və beynəlxalq hüquqa zidd əməllərini hələ də davam etdirir”.