2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər, Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi.
Bəyanatda qeyd olunur:
“Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa etdi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, beynəlxalq ədaləti bərqərar etdi.
Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən geniş miqyaslı qeyri-qanuni fəaliyyəti üzə çıxardı. Azərbaycan torpaqlarının kütləvi şəkildə minalanması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularına dair açıq dəlillər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ermənistanı beynəlxalq öhdəliklərini, habelə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətlər etdi. BƏM Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etdi.
Son iki il ərzində Azərbaycan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini, o cümlədən böyük infrastruktur layihələrinin icrasını həyata keçirir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz şəraitdə geri dönüşünü, bu torpaqlarda həyatın yenidən canlanmasını təmin etmək üçün məqsədyönlü addımlar atır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh və sabitliyə nail olmaq istiqamətində tədbirlər görür.
Bunun əksi olaraq, Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də post-münaqişə normallaşma cəhdlərinə ciddi xələl gətirir.
Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır.
Biz, Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.