XİN: “Azərbaycan İƏT-in Əfqanıstanda humanitar vəziyyətlə bağlı səylərini dəstəkləməyə hazırdır” – FOTO

0
310

Bildirilib ki, iclasın çağırılması təşəbbüsünə görə İƏT sədri Səudiyyə Ərəbistanı Krallığına və tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə təşəkkür ifadə edən nazir, çıxışında aşağıdakı əsas məqamları səsləndirib:

“Təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.

İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir.

Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır.

Davamlı həll yolları tapmaq üçün mövcud vəziyyətin əsas səbəblərini nəzərdən qaçırmaq olmaz. Bu kontekstdə ölkədə tam funksional inklüziv idarəetmə sisteminin yaradılması, xüsusilə gənclər arasında terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi risklərinin, yoxsulluğun aradan qaldırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi həyati əhəmiyyət kəsb etməkdə davam edir. Əks halda, sadəcə humanitar yardım Əfqanıstan xalqının onilliklər boyu çəkdiyi əzablara çarə ola bilməz.

Dinc və inklüziv proses vasitəsilə effektiv idarəetmənin qurulması böhrandan yeganə çıxış yoludur. Bununla əlaqədar olaraq, biz İƏT-in qəbul etdiyi bir sıra qətnamələrin etibarlılığını vurğulayırıq və Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyimizi bir daha təsdiqləyirik.

Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstandakı vəziyyətin gərginləşməsi ilə bağlı üzləşdikləri ciddi problemlərin həllində qonşu İƏT üzv dövlətlərə də bizim həmrəyliyimiz və dəstəyimiz göstərilməlidir.