“Xarici İşlər naziri niyə bununla bağlı bəyanat vermir?!”

0
794

“Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib. Bu hesabat da 6 dildə yayımlanıb. Bu, onların növbəti təxribatıdır”

Bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsində deyib.

O deyib ki, bununla bağlı müvafiq qurumlar münasibətini bildirməlidirlər:  Ermənistan  belə təxribatları bir neçə dəfə edib. İndiyə qədər, BMT belə bir şeyə yol verməyib. Bu dəfə isə BMTdə bu təxribata imkan verib. Həmin hesabatı öz saytında yerləşdirib və 6 dildə yayımlanıb. BMT işğal faktını dəfələrlə qeyd edib.Ermənistan bir az da qabağa gedərək qondarma “Artsax” adı ilə bu hesabatı təqdim edib. Bunu Azərbaycanın BMT-də akkreditə olunmuş şəxsləri araşdırılmalıdır və  bu hesabat BMT-nin saytından çıxarılmalıdır”.

Deputat Tahir Kərimli də həmkarının fikirlərini dəstəkləyib. Təklif edib ki, sülh danışıqlarından imtina edilsin: “Hazırda  xalqları sülhə hazırlamaq ətrafında müzakirələr gedir. Hansı sülhdən danışılır?  Axı ermənilər bizi təhqir edir və deyirlər ki, sizə bir qarış da torpaq verməyəcəyik. Bacarırsınızsa, gəlin alın. Xarici İşlər naziri niyə bununla bağlı bəyanat vermir?!”.

Vitse-spiker Valeh Ələsgərov isə sülh danışıqlarının və sülh razılaşmasının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirib: “Axı, nəyə görə insanları qıcıqlandırmaq lazımdır. Real siyasətdən başı çıxan adamlar bunu deməməlidir”.