“Xaricdə aldığım diplom Azərbaycanda təsdiqlənmir”

0
586

Qasımov İlkin Cilingir oğlu xaricdə iqtisadiyyat üzrə aldığı magistr diplomunun Nazirlər Kabinetinin mövcud qərarına əsasən təsdiq oluna bilməməsi məsələsindən narazıdır.

O, bununla bağlı “Qafqazinfo”ya müraciətində qeyd edib ki, buna mane olan sözügedən qərar Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları” dır: “Bu cür problemi olan tək mən deyiləm. Diplomum  təsdiq olunmadığına görə akademik karyeram təhlükə altındadır. Bakalavr ixtisasımın jurnalistika sahəsində olması mənim magistr diplomumun nostrifikasiyasına maneə hesab olunub.

Magistr diplomumun tanınmaması mənim doktorantura pilləsində təhsil almama imkan vermir ki, bu da öz növbəsində Azərbaycan və dünya iqtisad elminə xidmət etmə imkanlarımı ciddi şəkildə məhdudlaşdırır.

Xatırladım ki, mən 2005-2009-cu illər ərzində Bakı Slavyan Universitetinin Filologiya fakultəsi, jurnalistika ixtisası üzrə təhsil almışam.  Universiteti bitirdikdən sonra magistr təhsilimi iqtisadiyyat sahəsində almağa qərar verdim. Bu məqsədlə 2012-ci ildə Şimali Kipr Türk Cumhuriyyətinin “Doğu Akdeniz” universitetində (Eastern Mediterranean Univeristy) iqtisadiyyat üzrə magistr təhsilinə başladım. Bakalavr ixtisasım fərqli olduğundan universitetin tələbi və beynəlxalq qaydalara əsasən ilk öncə iqtisadiyyat üzrə baza fənnləri sayılan “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”,  “Riyazi İqtisad” və “Ekonometrika” fənləri üzrə bakalavr dərslərini uğurla mənimsədim, daha sonra magistratura təhsilimə başladım və 2014-cü ildə diplom işimi müdafiə edərək 3.33/4 ortalama ilə təhsilimi uğurla tamamladım. Qeyd edim ki, məzun olduğum proqram iqtisadiyyat üzrə dünyada ən yaxşı 200 proqramdan biri hesab edilir və burada dünyanın bir sıra məşhur professorları dərs deyir.

Daha sonra aldığım təhsil üzrə müxtəlif yerlərdə çalışmışam.  Hal-hazırda aktiv şəkildə ölkə əhəmiyyətli sosial-iqtisadi məsələlərin tədqiqinə həsr olunan elmi-tədqiqat fəaliyyətlərinin iştirakçısıyam.

Ancaq magistr diplomum nostrifikasiya olunmur.  Bu da akademik karyerama ciddi şəkildə mane olur. Təhsil Nazirliyinə 2017-ci ilin sentyabr ayında elektron qaydada  müraciət etmişəm.  Nazirliyin müvafiq qurumu tərəfindən 22.11.2017-ci il tarixli 23-03-383/ANİ nömrəli cavab məktubuma  imtina verilib.

Verilən qərar barədə şikayətimə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılmış və 21.12.2018-ci il tarixdə hakim Xaliq Xalıq oğlu İmanovun sədrliyi ilə keçirilmiş iclasda iddiamın təmin olunmaması barədə qərar qəbul edilmişdir. Hər iki imtina qərarına əsas olaraq Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları” göstərilib.

Başqa sözlə, 17 yaşımda edilən  səhv seçim səbəbindən gələcək karyeramın təhlükədədir. Mən, Azərbaycan iqtisad elminə xidmət etmək və ölkəmizdə elmin inkişafına öz töhvəmi vermək arzusundayam. Qeyd edim ki, magistr diplomumla dünyanın hər yerində doktorantura təhsili ala bildiyim halda, ölkəmdə mənə belə bir imkanın verilməməsi təəssüfləndiricidir. Eyni zamanda, diplomum tanınmadığı halda dövlət ali təhsil müəssisələrində dərs tədris etmə şansımı itirmiş oluram.

Mən ölkə rəhbərliyindən, Nazirlər Kabinetindən, Təhsil Nazirliyindən mövcud qaydalara nəzər salıb onun dəyişdirilməsini xahiş edirəm”.

Məsələ ilə bağlı “Qafqazinfo” nun sualına Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova cavab verib.

O, bildirib ki, abituriyentlərin bakalavr təhsil səviyyəsi ilə magistr təhsili səviyyəsi  arasında ixtisasların uyğunsuzluq olması halları ilə rastlaşırlar: “Biz belə hallarda birbaşa qanunvericiliyi əlaqələndiririk. Bu da diplomun təsdiq  edilməməsinə görə imtina verilməsinə səbəb olan  hallardan biridir. Biz bu məsələ ilə bağlı daxildə müzakirələr aparırıq. Müəyyən təkliflər hazırlayırıq. Nə dərəcədə çərçivədən çıxma halımız olacaq, artıq o barədə məlumat verə bilməyəcəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu ünvanlamışıq.

Günel Türksoy