Azərbaycan baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.
Bu səbəblə baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi peşəkarlığı, Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni baş prokuror tərəfindən təqdim olunub.
Məlumat üçün bildiririk ki, Xanlar Vəliyev əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayıb. Daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993-2000-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırkı vaxtadək həmin vəzifədə çalışıb.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.