Xankəndidə Zəfər Paradı daşnakları acınacaqlı vəziyyətə saldı

0
356

Xankəndində keçirilən Zəfər Paradı erməni millətçilərini acınacaqlı vəziyyətə salıb.

Ermənistanda revanşist qüvvələr Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən paradı həzm edə bilmir, baş verənlərə görə Paşinyan hakimiyyətini ittiham etməkdən başqa əllərindən heç nə gəlmir.

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yazır ki, İlham Əliyev qələbə qazandı.

“Əliyev Paşinyanın Ermənistanını və onun ordusunu məğlub etdi. Həm də təkcə Ermənistana yox, Rusiyaya, ABŞ-a, Avropaya da qalib gəldi”, – Zakaryan yazır.

Lakin o, bir gün vəziyyətin dəyişəcəyini və yenidən Qarabağda qalib gələcəklərini iddia edir. Revanşistlərin bu “ümidləri” təəccüblü deyil, çünki Azərbaycanın qələbəsi bir əsrlik tarixin dəyişməsi, ədalətin bərpa olunmasıdır. Buna görə erməni millətçiləri baş verənlərdən hələ də özlərinə gələ bilmir və özlərini “bir gün qalib gələcəyik” ümidləri ilə ovundururlar.