22 martda “Crocus City Hall”da baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri bir nəfəri 60 dollara gülləboran etməklə hədəf seçilən Rusiya ilə yanaşı, keçmiş sovet məkanında xaos yaymaq, dinlər və millətlərarası konflikləri alovlandırmaq, miqrasiya axınlarına zərbə vurmaq, sərhədləri bağlı saxlamaq istəyən dövlət dəstəkli qüvvələrdir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, cihadçı deyilən icraçıların “Allahu-Əkbər” şüarı söyləmədikləri halda dərhal beynəlxalq mediada İŞİD adı ilə tirajlanması Rusiyanı İslam dünyası ilə toqquşdurmağa çalışırlar:
Onlar din bayraqlı qüvvələrlə mübarizə adı ilə ölkələri yenidən işğal etməyə çalışan, bir vaxtlar Əl-Qaidə və Talibanı silahlandıran dövlətlərdir. Halbuki hadisənin islam etiqadlı iş adamına məxsus məkanda törədilməsi, ölən 145 nəfər günahsız insanın, yaralı 500-dən çox adamın içində müsəlmanları görən yoxdur. Moskva terrorunu müşayiət edən informasiya tələsinə düşüb etnik-milli düşmənçiliyi körükləyənlər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın terror aktına qətiyyətli etirazından nəticə çıxarsınlar, yoxsa Şarli Ebdo olayında 5 nəfərə görə birlik paradı keçirən qərbli dövlət başçılarının “yaxşı və pis terrorçu” bölgüsü ilə beynəlxalq təhlükəsizliyə zərbə vuracaqlar.
Terrorun silahı Kalaşnikov avtomatı, bomba və raketlər deyil, nifrətin, xofun, daxili inamsızlığın artmasıdır, rəsmi hakimiyyətin yox, terror qruplarının mənəvi və siyasi hakimiyyətinin güclənməsidir. Aktın azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniliyi üçün azğın anti-Azərbaycan kampaniyasına rəvac verib. Halbuki, ölkəmiz təkcə son 37 ildə 2000 mindən artıq vətəndaşını terror nəticəsində itirib, qəsdlər xüsusilə 90-cı illərdə, erməni işğalının nəticəsi, hətta müharibənin bir parçası olub və Qlobal Terrorizm İndeksi də bunu təsdiqləyir. Köçəryan-Sərkisyanla yanaşı, Gəncəni və Bərdəni vuran, son 3 ildə Qarabağa mina əkən inqilabçı demokratlardan da ziyan çəkmişik. Deputat bildirib ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək: “DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonanı özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar. Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir. Lakin hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın”.