Xankəndi stadionunda Əliyevin qələbə zərbəsi: top yenə ordudadır

0
180

Dörd il öncə Nikol Paşinyan Qarabağda – Xankəndi stadionunda keçirilən qondarma ümumerməni oyunlarının açılış mərasimində məlum və məlun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi. Cəmi dörd il sonra – 2023-cü ilin 21 dekabr tarixində Prezident İlham Əliyev bu bəyanatın verildiyi Xankəndi stadionunda topu mərkəzdən oyuna daxil edərək, qələbəni – erməni işğalının və erməni separatizminin darmadağın edildiyini stadionda nümayiş etdirdi. Və belə demək mümkünsə, Xankəndi stadionu Azərbaycan-Ermənistan mübarizəsində simvola çevrildi.

Paşinyanın məhz Xankəndi stadionundan elan etdiyi məlum sözləri futbol termini ilə desək, Bakının qapısına doğru hücuma keçmək idi. Buna qədər məsələnin danışıqlar masasında həllindən yana olan Əliyev cavab olaraq, hücum taktikasına start verdi.

İlk zərbəni Ermənistana öz meydanında – qapıçısı hesab etdiyi Rusiyada endirdi: Əliyev məhz Rusiyada Paşinyana “Qarabağ Azərbaycandır və Nida” cavabını verdi və budur, Azərbaycan ilk dəqiqələrdə önə çıxdı.

İkinci zərbə danışıqlar masalarında – həm Rusiya, həm Qərb platformalarında aparılan müzakirələrdə vuruldu. Ermənistanın separatçıları “tərəf” kimi prosesə qoşmaq cəhdinin qarşısı alındı.

Geriyə düşən Ermənistan “kontr-atak”a keçmək, ən azı hesab arasındakı fərqi azaltmaq məqsədilə Tovuz istiqamətində təxribat hücumlarına başladı və bu cəhdi ağır zərbə alması ilə nəticələndi. Hücumun qarşısını alan Azərbaycan həm cəbhədə, həm diplomatiyada işğalçı ölkəni məğlubiyyətə uğratdı. Lakin bununla hər şey bitmədi. Ermənistanın lazım olanda müdaxilə etmələri üçün “ehtiyat skamyasındakı” oyunçular olaraq gördüyü KTMT üzvləri neytrallaşdırıldı, beləliklə, işğalçı təklənmiş vəziyyətə düşdü.

Diplomatik cəbhədə Ermənistanı tamamilə məğlub edən Azərbaycan mübarizənin ilk hissəsindən qalib olaraq ayrıldı. Lakin mübarizə bitməmiş və həlledici olan ikinci hissə qarşıda idi.

İkinci hissə 27 sentyabr 2020-ci il tarixində başladı. Və futbol zamanı ilə yanaşsaq, cəmi 44 dəqiqəyə (44 gün) Azərbaycan Ermənistanı darmadağın etdi. Hər şeyin bitməsinə 1 dəqiqə qalmışdı ki, Azərbaycanın qələbəsinin tamamlanmasına imkan vermək istəməyən hakimin (Rusiya) müdaxiləsi ilə mübarizə dayandırıldı. Zədələnən olmasa da, meydana həkimlər (sülhməramlılar) dəvət olundu. Ermənistan mübarizənin başa çatdığını, məğlub olsa da, bu məğlubiyyətinin rəsmiləşmədiyini hesab edir, həm “ehtiyat oyunçular skamyası”nı əlavə qüvvələrlə (Fransa başda olmaqla Qərb ölkələri) doldurmağa çalışır, həm də oyunun nəticələrinin (44 günlük müharibənin) ləğvinə cəhdlər göstərirdi. Azərbaycan isə meydanı tərk etmədi, gözlədi və nəhayət son 1 dəqiqəni (24 saatlıq antiterror tədbirləri) də oynayaraq, qələbəni rəsmiləşdirdi. Sonda Ermənistanı “soyunma otağına” sürüyərək, apardılar. Və Əliyev 4 il öncə Xankəndi stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə məcbur etdi.

Bu baxımdan, Xankəndi Stadionunda keçirilən “Qarabağ” – MOİK oyunu sadəcə futbol matçı yox, həm də Azərbaycanın qələbəsinin rəmzi idi.

Birincisi, 4 il öncə bu stadionda məlun bəyanatı verən Ermənistanın baş nazirinə elə meydandan cavab verildi və reallıqlar birbaşa nümayiş etdirildi;

İkincisi, Xankəndi stadionunda futbol matçının keçirilməsi Azərbaycanın suverenliyinin bərpa edildiyinin, müharibə dövrünün başa çatdığı və sülhü dövrünün başladığının nümayişi idi;

Üçüncüsü, bu, azad edilmiş ərazilərə həyatın, sağlamlığın qayıtması deməkdir;

Oyunu mərkəzdən başlayan Prezident İlham Əliyev isə topu MOİK-ə – Azərbaycan Ordusuna atmaqla bütün maraqlı tərəflərə – Ermənistana və Azərbaycan suverenliyinə təhdid yaratmaq istəyənlərə “top yenidən ordudadır” mesajını verdi.