Xalq yazıçısı Çingiz Abdullayev gənclərlə görüşüb

0
542

Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin gənclərlə görüşü olub.
Görüşdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Xalq yazıçının əsərlərinin nəinki Azərbaycanda, eyni zamanda, dünyanın bir çox ölkələrində çap olunduğunu və oxucular tərəfindən böyük maraqla qarşılandığını söyləyib.
Daha sonra Çingiz Abdullayev çıxış edərək yaradıcılığından söhbət açıb, tez-tez gəclərlə görüşdüyünü qeyd edib. O, gənclərin belə görüşlərə maraq göstərməsini onda xoş təsir bağışladığını deyib. Gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib. Mütaliənin onların dünyagörüşünün genişlənməsində, söz ehtiyatının zənginləşməsində, yüksək intellekt səviyyəsinə malik şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacağını vurğulayıb.
Xalq yazıçısı qeyd edib ki, ilk siyasi detektiv romanını çap edəndə heç kim onun uğurlu yazıçı olacağına inanmırdı. Ancaq o, uğur qazanacağına inanırdı. “Biz böyük xalqıq. Bizdə Nəsimi kimi mütəfəkkir olub. Onun dərisini soysalar belə, yenə fikrindən dönməyib”, -deyə Ç.Abdullayev sözlərinə əlavə edib.
Bu gün artıq Rusiyada elə bir şəhər yoxdur ki, Çingiz Abdullayevin əsərləri satılmasın.
Görüşün sonunda Çingiz Abdullayev oxucularının, ictimaiyyət və KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.