Xalq artistinin xatirəsi yad olunub

0
768

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam oldu

Bu münasibətlə musiqi ictimaiyyəti nümayəndələri ikinci Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət etdilər.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Oqtay Zülfüqarovun həyat və fəaliyyətindən danışdı. Qeyd etdi ki, sənətkar Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm töhfələr verib. Geniş yaradıcılıq diapazonuna malik olan Oqtay Zülfüqarov öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən, mənim xalqım” uvertürası, “Pişik və sərçə” nağıl-operası, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Yaradıcılığının böyük bir qismini uşaqlara həsr edən bəstəkarın “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.