Xalq artistindən qalmaqallı açıqlama: Əyalət mahnıları Bakı musiqisini məhv etdi – VİDEO

0
482

“2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olundum. Bir il fəaliyyət göstərib, sonra oradan ayrıldım. İşlədiyim vaxt festivallar və yüksək səviyyədə tədbirlər keçirdim. Sonra bəzi problemlər oldu. Ailəm Bakıda qalırdı. Gəncə şəhərinə gedib-gəlmək zaman aparırdı. Orada yeni estrada ansamblı yaratdım. İşimlə bağlı elə olurdu ki, həftələrlə Gəncədə qalırdım. Çox böyük bir filarmoniyadır. Maaşım 360 manat idi. Orada normal qazancım yox idi. Bakıda qazandığımı isə gedib-gəlişə xərcləyirdim” .

Bu sözləri opera ifaçısı, tenor, Xalq artisti Samir Cəfərov “Xəzər” televiziyasında yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi ilk dəfə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən ayrılmasının səbəblərini gün üzünə çıxarıb:

“Filarmoniyadan ayrılmağıma səbəb aşağı qazanc oldu. Gəncədə mənim qalmağıma belə şərait yaradılmamışdı. Ev verilmədi. Bütün bu məsələlər öz həllini tapmadı. Söylədim ki, Bakıya qayıtsam da, yenə də Gəncə Dövlət Filarmoniyasında işlərimi davam etdirəcəyəm. Amma direktor kimi fəaliyyətimi dayandırdım. Orada elə insanlar var idi ki, dəstək durmaqdansa, mane olurdular. Məni ləkələdilər. Xoşagəlməz söhbətlər artıq keçmişdə qaldı. Həqiqət öz yerini tapdı. Alnıaçıq, üzüağ Filarmoniyadan ayrıldım”.

Proqramın aparıcısı Zaur Kamalın “Müğənni Damlanın Gəncə Dövlət Filarmoniyasında konsert keçirməsinə Samir Cəfərov icazə verməyib” sözünü Xalq artisti inkar edərək, məsələyə belə aydınlıq gətirib:

“Hər bir müğənninin yanında köməkçiləri olmalıdır. Köməkçilər disk daşımalıdır, müğənninin əlinə mikrofon verən olmalı deyillər. Müğənninin bir neçə meneceri olmalıdır. Birinci səs baxımından vokal meneceri, ikinci piar, üçüncü isə harada verəcəyi konsertin tərtibatı ilə məşğul olan şəxs olmalıdır. Bu proseslərin hamısı qeyri-professionalıqdan irəli gəlir. Burada söhbət ifaçılıqdan gedə bilməz. İfaçı reklam olunub, tanınmış adamdır. Sadəcə, onu lazımi yerə gətirib çıxarmaq lazımdır. Günah onun ətrafındadır, özündə yox.

Damlanın konserti Gəncə Dövlət Filarmoniyasında olmalı idi. İcazə də vermişdim. Filarmoniya o bölgə üçün strateji yerdir. Orada hər bir müğənninin ixtiyarı çatır ki, konsert versin. Filarmoniya tək klassik tərzdə ifa edən müğənnilər üçün deyil. Müxtəlif janrda ifa edən sənətçilər orada konsert verə bilərlər. Üzümü müğənnilərə tutub deyirəm ki, özünüzə disk daşıyan köməkçilər seçməyin. Ətrafınıza ideya verən insanlar yığın”.

Z.Kamalın “Belə bir deyim var, hazırda onun zamanıdır. Fikrinizcə, indi kimin zamanıdır?” sualından yayınan S.Cəfərov söhbəti zövqləri körlayan musiqilərə yönəldib:

“Əvvəllər iki musiqi tərzi var idi. Bakı və əyalət musiqisi. Əyalət mahnıları Bakı musiqisini məhv etdi. Bir var rayon psixologiyasında olan insanlar, bir də var Bakı. Bakı musiqisinə caz, opera, klassika, simfoniya daxil idi. Rayon musiqiləri isə tam başqa idi. İndi əyalət musiqisi Bakıda dəb halını alıb. Əsas problem də budur”.

Aparıcının “Oxuduğunuz janr çox mürəkkəbdir. Eyni zamanda, bu janra tələb azdır. Ailənizi necə dolandırırsınız?” sualına Xalq artisti “Azərbaycanda qazancım çox cüzidir” deyərək, fikirlərini belə yekunlaşdırıb:

“Qazanc üçün mən də toylara gedirəm. Hamı kimi mənim də qazancım toylardan çıxır. 27 yaşımda evlənmişəm. Üç övladım var – iki oğlum, bir qızım. Onlar bayağı musiqiləri dinləmirlər, sevmirlər. Övladlarım ən çox italyan tenoru Andrea Boçellinin ifasını və musiqilərini dinləyirlər. İkinci oğlumun oxumağa meyili var. O, unikal səs temberinə malikdir”.