Xalq artisti sirli məqamları açıqladı: “Bəzi rejissorlar xoşu gəldiyi xanımı qabağa çəkir” – MÜSAHİBƏ + FOTO

0
638

Bu gün Azərbaycan teatrının yaranmasından 148 il keçir. Bu illər ərzində Azərbaycan teatr sənəti çox zəngin tarixi yol keçib. Lakin son illərdə Azərbaycan teatrının inkişafı bir o qədər də ürəkaçan deyil.

Hazırda ölkəmizdə teatrların maddi-texniki bazasının müasirləşdirilməsi, yaradıcı və peşəkar kollektivlərin yetişdirilməsi, kontent baxımdan daha yaradıcı, maraqlı tamaşaların hazırlanması və s. bir çox başqa məqamlar arzu olunan səviyyədə olmasa da, inkişaf etdirilir. 

Teatrı ayaqda tutan isə onun döyünən ürəyi olan aktyorlardır. Ötən illər ərzində Azərbaycan aktyorları dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Bu sahənin inkişafına töhfə verənlərdən biri, peşəsinə cani-könüldən bağlı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, “Human” teatrının bədii rəhbəri, Xalq artist Pərviz Məmmədrzayev ilə Azərbaycan teatrının yaranmasının 148-ci ilində həmsöhbət olduq.

1971-ci ildə dünyaya gələn aktyor Məmmədrzayev Pərviz Müzəffər oğlu 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirib. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışıb. Teatr-studiya 2000-ci ildə dövlət statusu alıb. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində Slavomir Mrojekin “Karol xofu”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, Bəxtiyar Xanızadənin “Nağaraçılar”, “Bayraqdarlar”, “Şərqə səyahət”, S.Musabəyovun “Şəngül, Şüngül, Məngül”, Ş.Əttarın “Uçuş”, Üzeyir Hacıbəyovun  “Dulusçu””, Uilyam Şekspirin  “Eşq” tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib.

Teatr sənətinə verdiyi əmək yüksək qiymətləndirilib və P.Məmmədrzayev 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 Xalq artisti Pərviz Məmmədrzayev ilə müsahibəni təqdim edirik:

– Əvvəlcə sizi teatr günü münasibətilə ürəkdən təbrik edirəm. İstərdim ki, söhbətimizə elə teatrın sizin həyatınızdakı yeri ilə başlayaq. Teatr sizin üçün nə deməkdir?

– Teatr ailəmdən sonra mənim rahat nəfəs aldığım, bütün gözəl hisslərimin, duyğularımın yaşandığı bir məkandır. Teatr mənim üçün həqiqətləri demək, ağrı-acılarımı dilə gətirmək və ən əsası sevgimi göstərmək üçün mükəmməl yerdir. Səhnə sevgilimlə görüşdüyüm bir yerdir desəm, yerinə düşər.

– Xalq artisti olaraq, bu sənətə can qoymuş bir şəxsiyyət kimi Azərbaycanda teatrın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

– Təəssüf hissi ilə demək istərdim ki, bu gün Azərbaycanda teatr çox zəifdir. Əvvəllər bizim çox güclü aktyorlarımız, rejissorlarımız, güclü ənənəmiz olub. Bu gün isə demək olar ki, teatrlar bir-birini təqlid edir, üslublar çox qarışıb. Hər bir rejissor istənilən janrda, istənilən mövzuda özünü sınaya bilər, bu, məsələnin başqa tərəfidir. Amma hər bir teatrın özünəməxsus, spesifik cəhəti var ki, bu da özünü teatrda mütləq büruzə verməlidir. Amma bizdə bu məsələ bir az qarışıqdır.

Rusiyanın bir çox teatrları var ki, onların hər birinin çox oxşar cəhəti olsa da, mütləq bir fərqli yönü var. Məhz bu da o teatrın dəst-xətti hesab olunur. Hər bir teatrın həqiqətləri təsvir etmək üslubu ayrıdır, bunun təkrarı, bənzəri, təqlidi olmamalıdır. Məsələn, uşaq teatrının akademik dram teatrı kimi tamaşa qoyması düz deyil. Düzdür, uşaq teatrında gənclər üçün müəyyən mövzular olmalıdır, amma spesifikası unudulmamalıdır.

– Teatrın mövzularına toxundunuz. Necə düşünürsünüz, Azərbaycan teatrı cəmiyyət üçün bir güzgü kimi işıqlandırılması gərəkən mövzuları doğru seçib, həqiqətləri çatdıra bilirmi? Tamaşalarda cəmiyyəti narahat edən problemlərin seçimi, onların “ifşası” nə dərəcədə obyektivdir?

– Bilirsiniz, teatr mənim üçün müasir gün ilə ayaqlaşmalıdır. Məsələn, Qacar dövründən tamaşa qoyulursa, bu, mütləq müəyyən mərhələdə müasir dövrün problemləri ilə qarşılaşdırılmalıdır. Tarixi əsər olsun, “Paris Notr-Dama ithaf” olsun, din xadimlərindən tutmuş, ikili, üçlü həyat tərzi yaşayanların, hökmdarların iç üzünü açıb ortaya qoymalıdır. Bütün bunlar müasir dövrlə uyğunlaşdırılmalıdır. Əsəri əvvəlki kimi kitabın vizual forması kimi qurmaq olmaz. Bu gün hansısa əsər seçilirsə, tamaşaçıya təqdim edilirsə, bunun nə üçün səhnələşdirildiyi bilinməlidir.

Tələbələrimlə bir əsər götürüb, onun üzərində işləmişdik. Bir neçə roman, povestin qarışığından ibarət olan materialı müasir dövrlə uyğunlaşdırıb, pyes halına saldıq. Əsəri “İtlər” adlandırdıq. Burada həm küçə itlərinin, həm də cəmiyyət tərəfindən təcrid olunmuş, atılan insanların mövzusu qabardılırdı. Bir tərəfdə çoxuşaqlı ana, ağıllı, diqqətdən kənarda qalmış, hər biri bir tərəfə atılan uşaqlar, sosial problemlərin doğurduğu maneələr, köhnə idmançılar və onların arasında bir də məğrur insan obrazları vardı. Əsərdə insanlara lazımlı olduqları zamanda cəmiyyətin davranışı və hər hansı səbəbdən gündəmdən düşdükdən sonrakı münasibət vardı. Bu tamaşanı hazırlayanda mən çox əziyyət çəkdim. Zəmanəmizdə uşaqlar çox laqeydləşib.

Bu gün həqiqətən də sosial problemlər insanların bir-birinə olan münasibətini dəyişib. Gənc və orta nəsil teatrlara gələcəksə, mən bu mövzuları tamaşaya qoymaq istərdim. Bu gün məni narahat edən çox ciddi problemlərdən biri boşanmalardır. Ailələrin dağılmasına səbəb nədir? Bunu yaradan səbəblərin qarşısının alınması üçün hansı addımlar atıla bilər? Bax bu problemlər səhnələşdirilməlidir.

– Əvvəllər də bu kimi problemlər olub, nə üçün o zaman səhnələşdirilirdi, bu gün isə yox?

– Bilirsiniz, gənclərdə, cavanlarda bu sahəyə maraq azdır. Düzdür, bu və digər problemlər hər dövrdə mövcud olub və o dövrün tələblərinə uyğun şəkildə də müzakirə edilib. Belə deyək, 16-cı əsrdə “Hamlet” yazılıb, tamaşaya qoyulub. Bəs bu gün? “Hamlet”in, “Şekspir”in arxasında gizlənməklə hara gedirik? Özümüzün sosial problemlərimiz azdır? Bu problemləri qələmə alan dramaturqlarımız isə təəssüf ki, yoxdur. Bəlkə də bu kimi mövzular oxunmadığı üçün də qələmə alınmır. Başqa millətlərə məxsus pyeslərin içərisində o ölkələrin, o xalqların problemləri əks olunub. Bəli, hardasa bənzər problemlər ola bilər, amma biz öz problemlərimizi də qabartmalıyıq. Nə qədər desək ki, bizdə problem yoxdur, bu, belə deyil.

Siz təsəvvür edə bilməzsiniz ki, bir ay, hətta bir həftə çəkən nigahlar var. Uşaqların cinsiyyəti ilə bağlı problemdən dolayı onu tələf edirlər. Doğulan uşaqların zibilliyə atılması dəhşətdir. Mən uşaq vaxtı zibil qutusunun altında göbəyi kəsilməmiş uşaq görmüşdüm. Bu ağrı mənim hələ də ürəyimi yandırır. O mənzərəni mən 12 yaşımda görmüşdüm. Amma dəhşətlisi həmin mənzərənin illərdir davam etməsidir. Bax bu mövzuları səhnəyə qoyub, tamaşaçının diqqətini gələcəyi uçuruma aparan ciddi problemlərə yönləndirmək istərdim. Əgər tamaşaçı zaldan çıxanda bu mövzular ətrafında düşünsə, demək ki, mən istədiyimə nail oldum. Heç bir duyğusuz zalı tərk etsələr, deməli mən işimi zəif görmüşəm.

– Sizə sevmədiyiniz obraz təklif etsələr, canlandırarsınızmı?

– Xeyr. Əvvəlcə obrazla tanış oluram. Mənfi və ya müsbət sevmədiyim heç bir obrazı canlandırmıram. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mənə “Paris Notr-Dama ithaf” tamaşasında Kvazimoda rolu verildi. Lakin mən imtina etdim. Uzun müddət məni bu obrazın gözəlliyinə inandırdılar. Amma mən daim müsbət rol oynamağın əleyhinəyəm. Bu, digər obrazları canlandırmaq üçün duyğuları, mimikaları, ifadə vasitələrini, jestləri öldürür. Daim eyni səpkili rollar canlandırmaq aktyor üçün müsbət hal deyil.

– Və siz 2019-cu il 14-17 noyabr tarixlərində oynanılan tamaşada Paris Notr-Dam kilsəsinin keşişi Don Klod Frollo obrazı ilə səhnəyə çıxdınız. Niyə məhz bu obraz?

-Bu obraz mənim üçün çox əzizdir. Həmin tamaşada oynadığım rol o qədər doğmadır ki… Obrazın həm məhəbbəti, həm nifrəti var. Mövzuda söhbət atılmış uşaqdan və bu uşağın gələcəkdə öz yerini tutmasından, cəmiyyətdə bir mövqeyə gəlib çatmasından gedir. Obraz 25 il həyatını Allaha həsr edir, lakin nəhayət bir qadına görə Allahdan qaçır. O daxilində nəfsinə görə əziyyət çəkir. Düşünür ki, əgər o nəfsini boğa bilsəydi, qəlbində boşluq olmasaydı, Allahdan qaçmazdı. Mən bu obrazı canlandırdıqda kişi kimi, insan kimi tamaşaçılara bu obrazın ruhunu çatdıra bilib-bilmədiyimi düşünürdüm.

Bir dəfə də öz yaratdığım “Human” teatrında bir bomj obrazını canlandırırdım. Cəmiyyətdə iki insandan bəhs edən melodrama idi. Cəmiyyətdə öz insanlığını itirməyən bir insanla insanlığını itirmiş, yalnız pislik etməyi düşünən şəxsin qarşılaşdırılmasıdır. Bunu mən özüm yazmışdım və çox maraqla qarşılanmışdı.  

– Teatrda aktyorlar bu və ya digər mövzularda yaratdıqları obrazlarla əsərin mövzusunu, duyğunu tamaşaçıya ötürə bilirmi? Tamaşaçılar çox vaxt aktyorlarımızın bir qədər quru oynadığını dilə gətirir.

-Hər bir obrazın yazılma səbəbi var. Aktyorlar obrazın yerini, üzərinə düşən məsuliyyəti bilməlidir. Pyesin strukturunu, obrazın əsərdəki yükünü tapmalı və rejissora müraciət etməlidir. Şəxsən mən belə edirəm. Əgər mən obrazımın pyesdə tutduğu yerini sözün əsl mənasında görə bilmirəmsə, bu obrazı canlandırmaqdan imtina edirəm.

Mənim üçün ağızdan çıxan kəlmə tamaşaçıya ötürülən mesajdır. Oynadığım hər bir rol isə mənim üçün şəxsiyyətdir. Mixayıl Çexov deyib ki, “mən obrazı öz içərimə buraxıram ki, o mənim bədənimi idarə etsin”. O obrazın ruhunu yaşamaq lazımdır ki, həm rolu sevəsən, həm də tamaşaçıya duyğuları ötürə biləsən. Bu, çox gözəl ifadə olunub. Mən aktyorluqdan əlavə, rejissorluğu bitirdiyim üçün bu mövzuya dərindən hakiməm.

– Tamaşada, serialda önəmli olan baş roldurmu? Çünki aktyorlar arasında tez-tez baş verən mübahisələrin səbəbi də “baş rol” davası olur.

– Səhnədə, hər hansı layihədə önəmli olan baş rolda oynamaq deyil. Baş rolların əsas olduğunu demək düzgün deyil. Hər bir obraz kərpic kimi digərinin üzərində qurulub. Epizodlar yoxdursa, tamaşa uzunmüddətli maraqlı olmayacaq. Bir nəfərin kürəyində 20 nəfərlik obrazın yükü gedə bilməz. Bir nəfər öz rolunu yaxşı ifa edə bilər, amma bu, tamaşanın yox, fərdin öz uğurudur.

– Türkiyədə gənclər teatra çox böyük maraq göstərir. Müxtəlif “sketch” səhnələr yaradılır və hətta teatr səhnəsi televiziyalar vasitəsilə yayımlanır. Azərbaycanda isə demək olar ki, bu sənətə maraq göstərənlər çox azdır. Necə düşünürsünüz, belə səhnələr teatr aktyorlarının simasını cəmiyyətə daha tez tanıdır?

– Razıyam, bu gün Azərbaycanda teatra maraq göstərən gənc çox azdır. Bunun da özünə görə müxtəlif səbəbləri var. İndiki gənclər sənətə serial üçün gəlir və qısa zamanda tanınmaq istəyirlər. Bu da gəncləri şablonlaşdırır. Ancaq sevən qəhrəman, mənfi qəhrəman obrazlarına meyl edirlər. Hansı layihəyə baxırsan, qara geyimdə, qaşının birini qaldırıb sərt baxışla baxan gənclərdir. Bu, aktyorluq deyil, mənim əzizlərim. Aktyor sənəti çox dəhşətli yoldur. Bu gənclər sənət yolunda addımlayan zaman öz üzərində mərhələli şəkildə işləməli olduqlarını başa düşməlidirlər.

Çox uzağa getməyəcəm, bu gün səhnədə nə qədər “c”, “ç” tələffüzü ilə qulaq batıran gənc aktyorlar var. Hər dəfə o mənzərəni görəndə içim dağılır, seriallara baxa bilmirəm. Məni düşündürür ki, nəhəng aktyor məktəbi olan Azərbaycan axı niyə normal tələffüz qabiliyyəti olmayanların ümidinə qalıb?

Səbəblərdən biri odur ki, bu gün ölkədə işini bilən aktyora normal qiymət verilmir. Çünki əgər aktyorlara çəkilişə müvafiq olaraq normal ödəniş olunsa, yoldan keçənlər bu sənətə gəlməyəcək. Aktyorlar onlara təklif edilən ödənişlə razılaşmırlar və bu səbəbdən də kim razılaşsa, onu çəkirlər. Hər sahəyə, bütün peşələrə hörmətim var. Amma hər kəs öz çərçivəsində gözəl, xoş görünür. Müğənni gərək müğənniliyini etsin. Müəyyən rola çəkilmək olar, amma əsas rola çəkilsən, kamera qarşısında duyğusuz fırlansan, bu, düzgün olmaz. Aktyor deməməlidir ki, “burada mətn nə idi?” Bu, cinayətdir.

Aktyorlar səhnə ardıcıllıqlarını unudurlar. Bu da qeyri-peşəkarlığın göstəricisidir. Aktyor gərək texniki heyəti də düşünsün. Montaj zamanı bu kimi məqamlar montajçıya əlavə yükdür.

– Azərbaycanda ümumiyyətlə serial varmı?

– Pandemiya dövründə günün böyük hissəsini evdə keçirməli oldum. Bu zaman fürsət yarandı ki, xarici filmlərə, seriallara baxım. Bir neçə film və serial izlədim. Onlardan biri də “Breaking bad” və “Prison Break” adlı serialları izlədim. Bu serialları izlədikdən sonra dəhşətə gəldim. Anladım ki, Azərbaycanda serial çəkilmir.

Əsas məsələ ssenaridən gedir. İlk növbədə bizdə ssenaridə baş rolların səhnəsi yazılır. İlk beş hissəsini yazırlar, sonra ardıcıllıq yaddan çıxır. Amma xaricdə ssenari yazan qrup olur. Neçə obraz varsa, o qədər adam həmin obrazın səhnələrini ardıcıllıqla yazır. Bu zaman o qədər gözəl layihə ərsəyə gəlir ki, insan dəhşətə gəlir.

Təəssüf ki, Azərbaycanda bu məqamların heç biri gözlənilmir. Gənclərimiz isə sadəcə ulduz olmaq üçün bu sənətə gəlir. “Müəyyən məbləğdə ödəniş cibi deşmir”, – deyib, razılaşırlar. Bu isə sənəti gözdən, dəyərdən salır. Teatr sənəti, kino sənəti bu deyil.

– Sizə yerli seriallardan təklif gəlsə, çəkilməzsiniz?

– Belə bir hal bir dəfə yaşanıb. Adını çəkməyəcəm, yerli seriallardan mənə təklif gəldi. Əvvəlcə ssenari ilə tanış olmaq istədiyimi bildirdim. Ssenarini oxuduqdan sonra sadəcə təəssüf hissi keçirdim. Özümü o layihədə görə bilmədim. Obrazların bir-birinə müraciəti, sətiraltı ifadələr o qədər cılız, o qədər səthi yazılmışdı ki, sadəcə məyus oldum. Mən heç vaxt seriala çəkilməyəcəyimə söz verdim. O vaxta qədər ki, ssenaridə özümü görəcəm, mənalı ifadələr yazılacaq. Hələ ki, məni özünə cəlb edən serial yoxdur.

– Bizim xaricdəki teatr, serial, film sektoruna çatmağımız mümkün görünürmü?

– Əslində çata bilərik, niyə də yox?! Bunun üçün bizim ssenaristlərimiz qondarma problemlərdən qaçmalıdır. Azərbaycanda mafiya yoxdur, bu nə mövzudur? Axı olmayan bir problemdən, məkana uyğun olmayan bir mövzudan nə qədər uğur qazanmaq olar? Gərək real mövzulardan təsirlənəsən. Real obrazlar, real problemlər səhnələşdirilə…

İkinci məsələ zövqdür. Rejissorun, ssenaristin zövqü çox önəmlidir. Obraz üçün aktyor seçilməlidir, ancaq istedaddan çox, maksimum ucuz çəkilən olmalıdır. Aktyorun qiymətinə layiqli dəyər verilmir. Aktyor ailə saxlayır axı… Sən aktyora elə şərait yaratmalısan ki, o səhnədə yalnız işini, obrazını düşünməlidir. Bütün zamanını sənə ayıran aktyor ailəsini necə dolandıracağını düşünə-düşünə sənin üçün heç bir obraza bürünə bilməz. Diqqət bölünür.

Daha sonra, kostyumlar da çox rol oynayır. Mən razı deyiləm ki, aktyor öz geyimlərində səhnələrə çəkilsin. Bu insan öz geyimində yalnız özü ola bilər. Amma səhnə geyimi insanı fərqli duyğulara büründürür. Bütün bunlar harmoniya təşkil edir. Rejissor aktyoru, ona uyğun obrazı, səhnəni, eləcə də geyimləri düzgün seçməyi bacarmalıdır. Keyfiyyətli iş zəhmət tələb edir. Zəhmət çəkən insanlar isə azdır.

– Belə çıxır ki, bəzi rejissorlar uğursuz aktyorlar seçimləri ilə işlərini cılızlaşdırır, dəyirsiz edir?

– Bu, bir az təzadlı məsələdir. Amma bütün hallarda rejissor üçün aktyor seçimi çox önəmli faktordur. Aktyor seçimi düz olmayanda layihə uğursuzluğa məhkumdur. Təəssüf ki, bəzən elə mənzərənn şahidi oluruq ki, məyus olmamaq əldə deyil. Bəzi rejissorların hansısa xanımdan xoşu gəlir və “onu seriala, filmə çəkib tanıtdıracam” deyir. Burada əsas məqsəd isə şəxsi maraqdır. Təəssüf ki, bu kimi iyrənc hallar da var.

– Pərviz Məmmədrzayevin bu günə qədər unutmadığı və unutmaq istədiyi rollar hansılar olub?

– Mən çox zaman dramatik obrazlara çəkilmişəm. Bir dəfə dedim şeytanın qıçını qırım, komik bir obrazı canlandırım. Rolu çəkdik. Montajda filmi görəndə şoka düşdüm. Yekunda o qədər doğrayıb tökdülər ki, obrazın özəyi qalmadı. Peşman oldum, dedim, gərək çəkilməzdim bu rola. Obrazı sona qədər canlandırmaqdan imtina etdim. Burada da yenə rejissorun zövqü məsələsi dayanır. Aktyorlarla müqavilə bağlananda onların hüquqları müdafiə olunmur. Təəssüf ki, heç bir bənddə qeyd olunmur ki, sabah aktyorun çəkildiyi səhnədə obraz təhrif olunarsa, rejissordan təzminat tələb edə bilsin. Bu isə aktyora böyük zərbədir. İki dəfə başıma belə iş gəlib. Rejissor gənc idi, xətrinə dəymədim. Dəstək olmağa çalışdım.

Bir dəfə heyətin Qazaxıstandan gəldiyini dedilər, bir dəfə dedilər elə, bir dəfə dedilər belə. Sonunda da gördük ki, heyət də özümüzündü, rejissor da, ssenarist də. Onda da tövbə etdim ki, bir daha sonluğu bilinməyən filmlərə çəkilməyəcəm.

Amma təkrar-təkrar canlandırmaq istədiyim obraz da olub. Bu, film sektorunda bəlkə də mənim pasportumdur desəm, yalan olmaz. Konkret deməyəcəm hansı layihə və hansı obraz idi. Sadəcə deyim ki, tarixi bir obraz idi. Amma bəli, bu günə qədər də unuda bilmədiyim bir obraz idi. Onu canlandırmaq üçün kitabxanadan çıxmırdım. O dövrün mədəniyyətinə kimi araşdırdım. Bu, mənə o obrazla bir bütün olmaqda çox kömək etdi. Söhbət 14-15 il bundan əvvəl ərsəyə gələn filmdən gedir.

– Tərəf müqabilləriniz arasında sizin işinizi asanlaşdıran və çətinləşdirənlər də az olmayıb, elə deyilmi?

– Əlbəttə, hər bir işdə olduğu kimi, bizim işimizdə də tərəf müqabilindən çox şey asılıdır. Canlandırdığın obraz gözəl ola bilər, amma tərəf müqabilin obrazın haqqını verməsə, sən də kölgədə qalırsan. Baş rolları canlandıran iki aktyor səhnədə (istər filmdə, istərsə də tamaşada) bir bütün olub, harmoniya təşkil etməlidir.

Mənim çox gözəl, peşəkar tərəf müqabillərim olub. Rasim Balayev, Həmidə Ömərova, rəhmətlik Fuad Poladov kimi peşəkar insanlarla eyni səhnəni bölüşmüşəm, tərəf müqabili olmuşam. O insanlar ki Azərbaycan kinosunun əfsanələri hesab olunurlar. Çox qəribə bir auraları var idi, o auraya düşən kimi özünü göylərdə hiss edirsən.

Bir dəfə Rusiyada bir layihədə tərəf müqabilim məni çox yordu. Bir səhnəni 12 dubla çəkdik. Mətni ona heca-heca deməkdən yorulmuşdum. Sonra o, rolunu normal oynadı, mən gərginlik keçirdim.

– Bu günə qədər çəkiliş zamanı çətinlik çəkdiyiniz səhnə hansı olub?

– Bataqlıq səhnəsi… Yadıma gəlir, bir dəfə çəkilişlərdə bataqlığa girmək lazım idi. Tərəddüd etmədim. Bataqlığa girdim, risk etdim. Hətta boğazıma palçıq gedib. Çəkilişdən dərhal sonra dərman atmışam ki, zəhərlənməyim. Mən obrazı sevirəmsə, onu canlandıran zaman süniliyin olmasına yol vermirəm. Bu, həm də rejissor üçün önəmlidirsə, mən aktyor olaraq imkan daxilində onu nəzərə almağa çalışıram.

Amma bu cür çətinliklər hər zaman aktyorun ucbatından yaşanmır. Bəzən rejissorlar da qeyri-peşəkar davrana bilir. Bir dəfə çəkilişlərdən birində rejissor 13 dubla bir səhnəni çəkə bilmədi. Torpaq, gül iyləməkdən burnuma toz getmişdi, burnumdan qan gəlirdi. Mən o qədər gərgin anlar keçirmişdim ki, əsəblərim korlanmışdı. Necə ola bilər ki, əlində texniki vasitə ola-ola sən bunu hiss edə, çəkə bilməyəsən. Bu kimi hallar təəssüf doğurur. Bizim sənətimizdə asan heç nə yoxdur.

– Pərviz Məmmədrzayevi gözü götürməyənlər varmı?

– Hətta mənim bir müddət teatrdan getməyimə də səbəb olublar. Bəli, var elə insanlar. Rəhbərliyə mənim barəmdə artıq fikirlər söylənilib. Rəhbərlik mənə bu barədə danışanda dəhşətə gəldim. Mən də şəxsən bildirdim ki, büdrəməyimi istəyən, o canfəşanlıq edən insanların sevinməsinə şərait yaratmayacam. Məni gözü götürməyənlər hələ çox gözləyəcəklər.

Sadəcə olaraq mən sənətimlə kiminsə getdiyi yolda ona mane oluram. Onlar da sənətlə gücləri çatmadığından başqa yollarla məni ayağımdan aşağı çəkməyə cəhd edirlər. Hətta insanlar tanıyıram ki, layihədə mənə təklif gəldiyində rejissoru yığıb, “mənim tanışım var, ona deyərəm ucuz qiymətə o çəkilər, Pərvizə rol təklif etməyin”, deyirlər. Belə şeylər olub, olacaq. Əsas olan isə keyfiyyətli iş, təmiz ad və peşəkar sənət adamı olmaqdır. Mən belə insanlara şəxsiyyətin nə olduğunu izah etməyə qalxsam, onun səviyyəsinə düşmüş olaram. Odur ki, heç kəslə bu kimi mövzularda polemikaya girməyi sevmirəm. Bu tip mübarizələrdən ancaq sənətimlə, canlandırdığım obrazlarla çıxıram. Mənim çox sərt xarakterli bir müəllimim var idi. O deyirdi ki, “mən elə yerə gedirəm ki, orada it məni görəndə sevinir”. Çox gözəl ifadədir.

– Nəhayət 2017-ci ilin 8 yanvar tarixində yaradılan “Human” teatrının xəmirinin nə üçün humanizm, gender problemləri, insan hüquqları və hüquq bərabərliyindən yoğrulmasının səbəbi də bəlli oldu.

– Doğrudur, məhz bu kimi söz-söhbətlər səbəbindən mən öz teatrımı yaratdım. “Human” teatrında insanları birləşdirən yalnız sənət, peşəkarlıqdır. Ola bilər ki, mən şəxs olaraq bir insanı sevmərəm. Amma əgər mən onun sənətini, bacarığını görürəmsə, onun uğur qazanacağını düşünürəmsə, onun səhnədə öz hünərini göstərməsinə şərait yaradıram. Bu, mənim sənətimə, sənət yoldaşlarıma verdiyim dəyərdən irəli gəlir.

 Pərviz Məmmədrzayev həm də Mədəniyyət və İncəsənət Universitetinin ən sevilən müəllimlərindən biridir. Bildiyim qədəri ilə də çox tələbkarsınız. Tələbələrinizdən necə razısınızmı?

– Tələbələrimdən razıyam. Çox çalışqandırlar. Amma aralarında tənbəlləri, hətta fürsətcilləri var. Ümumilikdə onlar gəncdirlər, mən onları başa düşürəm. Gənc olduqları üçün işi məhəbbətlə edirlər. Mən maksimalist, tələbkar olduğum üçün uşaqlardan o nəticəni alana qədər məcazi mənada desək, “qanını içirəm”. İstəyirəm ki, bu peşənin incəliklərini virus kimi yoluxdurum. Onlar üçün bu çətin gəlir, amma gələcəkdə başa düşəcəklər ki, bütün bunlar onlarda zövq formalaşdırır. Vizual, plastik zövq formalaşsın ki, mən də sabah öz tələbəmlə qürur duyum. Sabah hər hansı bir layihəsində özümü ona əmanət edə bilim.

– Pandemiya incəsənətə də zərbə vurdumu?

– Çox ağrılı olsa da, bəli. Pandemiya səbəbindən dərslərin onlayn qaydada keçirilməsi bizə çox ciddi çətinliklər yaratdı. Hətta Rusiyada incəsənət sahəsində təhsil alan tələbələrin təhsili rəsmi qaydada donduruldu, daha sonra qaldıqları yerdən başladılar. Amma təəssüf ki, bizdə bu məqam gözlənilmədi. Biz onlayn qaydada imtahan götürdük tələbələrdən, təsəvvür edirsinizmi?

Məsələn, vokal dərslərdən imtahan götürülən zaman yaranan çətinliklər çox olur. Müəllim pianonu çalır. Aydın məsələdir ki, hər kəsin istifadə etdiyi internet keyfiyyəti və sürətli deyil. Kəsilmələr olur. Bu zaman gecikmə olur və əslində tələbə doğru oxuduğu halda xaric ifa etmiş kimi görünür. Nəticədə bəlkə layiq olduğundan aşağı bal alır.

Aktyor sənətində də elədir. Pandemiya bizi bəzi fürsətcil tələbələrlə də tanış etdi. Tez-tez “ay müəllim, ekran dondu”, “ay müəllim, işıq söndü”, “ay müəllim, eşidə bilmədim” və s. kimi bəhanələr gətirən tələbələr oldu. Onlar istisna olmaqla digər tələbələrim çox gözəl çalışdılar. Gecə saat 4-5-ə qədər materialları mənə atırdılar. Səhvləri bir-bir düzəltdikcə, görürdüm ki, uşaqların kamera ilə işləməsi daha da yaxşılaşır. Amma dərsləri izah edən zaman, bədən dili ilə jestlərin göstərilməsi zamanı çətinlik yaranırdı. Kiçik bir çərçivəyə sığdırmaq olmurdu. Amma alnıaçıq çıxanlar oldu.

Pandemiya bizim tələbələrimizi bir il geri saldı. Keyfiyyət baxımından çox geri qaldılar. Onların bu geriliyini bərpa etmək üçün evimin işini-gücünü atıb gəlirəm ki, canlı-canlı tələbələrimlə təmasda olum.    

– “Tələbkar olduğum üçün tələbələrimin ”qanını içirəm” dediniz. Bəs illər əvvəlki gənc və təcrübəsiz Pərviz Məmmədrzayevin “qanını kim içib”?

– Mənim “qanımı çox adam içib”, amma ən çox özüm-özümü tez-tez tənqid edirdim (gülür). Hər dəfə daha yaxşısını etməyə özümü vadar edirdim. 1994-cü ildən 1999-cu ilə qədər gecə-gündüz teatrda qalırdım ki, işimi incəliklərinə qədər öyrənim. Ailə həyatı qurduqdan sonra atalar demiş, ev-eşiyimə yığışdım (gülür). Mənim belimdə müəyyən ağrılar olsa belə, “yoruldum” sözünü dilimə gətirmirəm.

– Ailəniz sizi sənətinizə qısqanmır ki?

– Xeyr. Ailəm mənim sənətimi nə qədər sevdiyimi bilir. Ailəmizi isə həyat yoldaşımla birlikdə idarə edirik. Xanımım mənim bu hallarıma artıq öyrəşib. Hərdən mənə deyir ki, “sən evdə qalma, sən evdə oturanda deyingən olursan, get işə, sən istehsalat adamısan, get tələbələrinin yanına”. Ailəm mənim nəfəsimdi. Evə gələn kimi uşaqlarla danışıb, birlikdə problemlərimizi həll etməyi düşünürük.

– Övladlarınızdan aktyor olmaq istəyən varmı?

– Üç övladım var, heç biri bu sənəti seçməyib. Amma hər üçü uşaq vaxtlarında müxtəlif filmlərə çəkiliblər. Qızım həm reklamda, həm də “Sübhün səfiri” filmində rol alıb. Beş yaşı olanda mənimlə bir filmdə rol alıb. Onunla kamera arxasında özüm işləyirdim ki, kameradan qorxmasın. 19 yaşında isə oğlum “Düyün” filminə çəkilib. Mən bu mövzuda övladlarımın qarşısında maneə qoymamışam.

Deyirəm ki, “mənim nə qədər əziyyət çəkdiyimi görmüsünüz, baxın, özünüz seçin. Mənə arxayın olmayın ki, sizə dərslərinizdə güzəşt edəcəm. Qətiyyən, digər tələbələrim necə, siz də elə. Onların “qanını necə içirəmsə”, sizin də “qanınızı elə içirəm”. Mənim xüsusiyyətlərimi bilirlər ki, heç kimə dərs, imtahan prosesində güzəşt etmirəm. Onlar da bu cəhətimi yaxşı bilirlər.

– Gələcəkdə Azərbaycan teatrını, aktyorunu hansı mövqedə görmək istəyirsiniz? Teatr sənətinə dair arzularınız nələrdir?

-Sizə deyim ki, aktyora verilən yüksək dəyəri mən Yaponiyada görürəm. Yeganə olaraq onlarda aktyora “Milli sərvət” adı verilir. O, imperatordan sonra bütün imtiyazlara sahib olur. Mən demirəm ki, bizim aktyorlar bütün imtiyazlara sahib olsunlar, sadəcə özünü cəmiyyətdən təcrid edilmiş hiss etməsinlər. Mən həyatda aktyorluq etməyi sevmirəm. Göz önündə olmağı da xoşlamıram. Bu, məni sıxır. Amma aktyor saatlarla səhnədə obraz yaradan zaman düşünməməlidir ki, axşam evə ərzaq ala biləcək, pulum olacaq, yoxsa yox.

Aktyorlara özünü sərbəst hiss edə biləcəkləri mühit yaradılmalıdır. Arzu edirəm ki, gələcəkdə teatrımız daha da inkişaf etsin. Yaradıcılıq, peşəkarlıq daha da artsın. Ümid edirəm ki, gələcəkdə bu kimi məqamlar ön plana keçsin. İşinin peşəkarlarına layiq olduqları dəyər verilsin.