Xalq artisti Oqtay Zülfüqarovun 90 illiyi qeyd edilib

0
683

Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova çıxış edərək bəstəkarın ömür yolu və yaradıcılığından geniş söhbət açıb:

“Biz Oqtay Zülfüqarovun parlaq, bir-birindən rəngarəng, həyatımızın müxtəlif anlarını gözümüz önündə canlandıran mahnıları ilə böyümüşük. Onun mahnıları dünən olduğu kimi bu gün də balacaların dillər əzbəridir. Dünən bizlər oxuduğumuz mahnıları, bu gün nəvələrimiz təkrarlayır. Bax, budu əsl bəstəkarın böyüklüyü. Oqtay Zülfüqarov musiqiyə 16 yaşında gəlməsinə baxmayaraq qısa bir zaman ərzində çoxlarının görə bilmədiyi uğurlara imza atdı”.

Bildirilib ki, Oqtay Zülfüqarov 1929-cu ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 nömrəli Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunan Oqtay yeddiillik musiqi məktəbini iki ilə başa vuraraq təhsilini A.Zeynallı adına Musiqi Məktəbində davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar alıb. Bir müddət Dövlət Konservatoriyasının violonçel sinfində oxuduqdan sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub. 1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb.

Diqqətə çatdırılıb ki, 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başlayıb. O, ilk dəfə A.Şaiqın bir neçə uşaq şeirinə musiqi bəstələyib. O vaxtlar “Oynayaq top-top”, “Qərənfiləm mən” və s. mahnıları belə yaranıb. Sonra Mir Mehdi Seyidzadənin şeirlərinə müraciət edib. Beləliklə, uşaqlar üçün bəstələdiyi şeirlərin coğrafiyası genişlənməyə başlayıb. Yusif Həsənbəy, Tofiq Mahmud, Hikmət Ziya, Tofiq Mütəllimov, Xəlil Rza ilə yaradıcılıq əlaqələri uzun illər davam edib. Teymur Elçinlə tanışlığı isə bəstəkarın yaradıcılığına xeyli təkan verib. Silsilə uşaq mahnıları dillər əzbəri olub. “Laylay”, “Sərçə” mahnıları bu qəbildəndir.

Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “‘Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Diqqətə çatdırılıb ki, 2010-2012-ci illərdə O.Zülfüqarov “Məlikməmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, “Tumurcuq” və “Aysel” Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə musiqi dərslikləri yazıb. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeir yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bəstəkar Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür.

Gecədə bəstəkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotolardan ibarət kadrlar nümayiş edilib.

Sonda bəstəkara həsr olunmuş simfonik əsərlərdən ibarət konsert proqramı təqdim edilib. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərləri səslənib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayevdir.