Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov 80

0
162

Bakı şəhəri, Nizami Kino Mərkəzində Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının Xalq artisti, Əbdül Mahmudovun 80 illik yubileyi ilə baglı tədbir təşkil olunmuşdur. İlk öncə Xalq artisti Şeyx Əbdül Mahmudovun aktyor kimi rol aldığı “Yeddi oğul istərəm” kino filmindən kadrlar nümayiş olundu. Daha sonra tədbiri giriş sözü ilə açan, tədbirin təşkilatçısı, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi”nin prezidenti Tofiq Əlizadə Əbdül Mahmudovu 80 yaşı olması münasibəti ilə təbrik edərək bildirdi ki, 20-ci əsrin əvvəlindən başlayaraq Azərbaycan özünün mədəniyyətinin bütün sahələrində, o cümlədən də, musiqi, muğam, teatr və kino mədəniyyəti daxil olmaqla,  bütün sahələrdə  dünya mədəniyyətinə töhfə verən çox  böyük inkişaf mərhələləri keçmişdir. Eyni zamanda da, Azərbaycanın kino mədəniyyətinin inkişaf tarixi çox zəngindir. Son 100 ildə Azərbaycanın görkəmli kino rejisorlarından Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Ağarza Quliyev, Lətif Səfərov, Rza Təhmasib, Ədil İskəndərov, Rasim Ocaqov, Arif Babayev, Tofiq Tağızadə, Eldar Quliyev, Elxan Qasımov, Ceyhun Mirzəyev və başqaları  Azərbaycan kino sahəsinin inkişafında çox böyük xidmətlər göstərmişlər. Daha sonra Tofiq Əlizadə bildirdi ki, son 50 ildə Azərbaycan kino rejissorları arasında Şeyx Əbdül Mahmudovun da özünə məxsus yeri var. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmləri ilə baş vermişdir. Daha sonra  o, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).  Ömrünün 67 ilini Azərbaycan kinosunun inkişafına həsr etmiş Əbdül bəy 1966-cı ildən “Azərbaycan film” kinostudiyasında aktyor kimi çalışmışdır. Sonra bir müddət  kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olmuşdur.  Əbdül Məhmudov 67 il kino sahəsinə bağlandığı illərdə 25 dəfə filmlərə cəkilmişdir. Özü rejissor olaraq 12 bədii film çəkmiş, 4 kino filmdə isə rejissor assistenti olmuşdur. 
Tədbirdə  qonaq qismində çıxış edənlər arasında Xalq artisləri kino və teatr aktyoru Rafiq Əzimov, görkəmli müğənni Niyaməddin Musayev, kino aktrisalar Xalidə Quliyeva, Suqra Bağırzadə uzun illərlə kino studiyada Əbdül Mahmudovla birgə çəkildikləri filmlərdən və çəkiliş meydançalarında olan maraqlı xoş xatirələrdən danışdılar. Sonra çıxış edən ziyalılardan  məşhur diktor, Xalq artisti Eldost Bayram, “Vətənim Azərbaycandır” saytının baş redaktoru Kamran Orucov, “Carcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Nurəddin Salayev, Rəna Nəbiyeva, şairə Mərcan Şahbuzlu və başqaları Şeyx Əbdülün uzun illər kino sahəsində həm aktyor, həm də ki, kino rejissor kimi  xidmətlərinə görə minnətdarlıq etdi və görkəmli sənətkara ən xoş arzularını bildirərək onu təbrik etdilər.