Xalq artisti: “İkinci Bəhram yoxdur, o təkdir” – VİDEO

0
589

“Bəhram cəmiyyət və xalqımız üçün fərqli insandır. İkinci Bəhram yoxdur, o təkdir!”

Bunu “Xəzər” telekanalının rəhbəri, Xalq artisti Murad Dadaşov “Planet Parni iz Baku” komandasının üzvləri Ələkbər Əliyev və Əməkdar artist Tahir İmanovun “Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

Sosial mediada həmkarı barədə yayılan ölüm xəbərlərinə M.Dadaşovun reaksiyası birmənalı olmayıb:

“Bəhramın koronavirusa yoluxması hamını çox məyus etdi. Vəziyyət şoka salacaq dərəcədədir. Bəhrama olan maraq müəyyən problemlər yaratdı. Kimsə ajiotaj yaradacaq xəbərlərə əl atdı, kimisi də spekulyasiyalara səbəb axtardı. İnanmıram ki, bu işdə kiminsə niyyəti pis idi. Bəlkə də, diqqət cəlb etmək üçün edildi. Bilmirəm… Bəhramın səhhəti ilə bağlı dualara səbəb var. Bunu dəqiq bilirəm.

Bəhramın yaşlı anası, bacısı, xanımı, övladları və bizim kimi dostları var. Hamımız çox gərginik.

Çox çətin məsələdir. Koronavirus elə bir bədadır ki, millət, yaş, cins və sərhəd tanımır. İstənilən qapıya gələ bilər”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Məşhur aktyor EKMO aparatına qoşulub.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.