Xadimənin maaş kartını götürən sabiq direktora cinayət işi açıldı

0
457

Vətəndaş Fərqan Əliyevin Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əməkhaqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əməkhaqqısını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əməkhaqqı kartını götürüb saxlamasına, həmin karta əməkhaqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.