Xaçmazlı təsərrüfatçılar fındığın bir kiloqramını 3,5 – 4 manata satırlar

0
456

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındıq bağlarından məhsul yığımına başlayıblar.

Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Məhsulun bol, qiymətin isə sərfəli olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Hazırda ağacdan yığılaraq qurudulan fındığın bir kiloqramı təsərrüfatçılardan 3,5 – 4 manata alınır.

Rayonun Hacıəhmədoba kəndindən olan təsərrüfatçı Fazil Əhmədov 0,5 hektar fındıq bağından hər il 500-600 kiloqram məhsul toplayır. “Yığıma yeni başlamışıq. Bu il məhsuldarlıq ötən ilkindən yaxşıdır. Qiyməti də biz kəndlilərə sərf edir. Məhsulu özümüz yığırıq. Bəzən yığım üçün günəmuzd fəhlələr də çağırırıq. Havalar yaxşı keçsə bağı sentyabrın axırına kimi yığıb qutaracağıq”, – deyə təsərrüfatçı bildirib.

Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Xaçmazlı fermerlər bir neçə ildir k, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.

Traktorçu Alim Əhmədov deyir ki, fındıq toplanmasına başlanan gündən sifarişlərin ardı-arası kəsilmir. Gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alır.

Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Rayonda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 10 min hektara çatdırılıb.