“İşğaldan azad edilən ərazilərdə olan Xaçınçay su anbarında monitorinqlər davam edir və qiymətləndirmələr aparılır. Bu istiqamətdə əməkdaşlarımız bu gün də fəaliyyətdədirlər”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.
Şöbə müdiri qeyd edib ki, Xaçınçay su anbarı ilə bağlı görülən tədbirlər və anbarın vəziyyəti barədə yaxın günlərdə daha geniş açıqlama veriləcək.
O əlavə edib ki, ölkə üzrə bütün su anbarlarında suyun səviyyəsi yüksək olmalıdır ki, quraq aylarda heç bir çətinlik yaşanmasın:
“Əhalinin kəmiyyət və keyfiyyət baxımından kifayət qədər yüksək səviyyəli su ilə təmin olunması hazırda əsas prioritetlərdəndir. Bunun üçün su anbarları və çaylar qorunmalı, çirklənmə baş verməməli, özbaşına müdaxilə olmamalı, zərərli müəssisələr ora yaxın ərazidə təşkil edilməməli və tullantılar çaylara axıdılmamalıdır”.