Azərbaycan və yapon seysmoloqlar Xəzər dənizində birgə tədqiqatlara başlaya bilər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Yaponiyanın OYO şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfəri çərçivəsində RSXM-in baş direktoru Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə Q.Yetirmişli qonaqlara hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barəsində ətraflı məlumat verərək ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələr həyata keçirilməsinə dair təklif verib. Baş direktor birgə əməkdaşlığın tərəflər üçün də faydalı olduğunu bildirib.
Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və RSXM-in dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verlməsinə də toxunulub.
OYO şirkətinin vitse-prezidenti Toti Hakada Xəzər dənizində birgə əməkdaşlıqla bağlı təklifi müsbət qarşılayaraq bu istiqamətdə layihənin hazırlanmasının mümkün olduğunu deyib.
Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə də müsbət təsir göstərəcəyini deyib.
Görüşdə Toti Hakada RSXM-in baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək Beynəlxalq Seysmoloji Simpoziuma dəvət edib. Dəvət RSXM-nin baş direktoru tərəfindən qəbul edlib. Həmçinin tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihazlar və texnologiyalara dair də fikir mübadiləsi aparıblar.