“Xətai” stansiyası BU TARİXDƏ açılacaq

0
840
Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin “Xətai” stansiyasının açılacağı vaxt müəyyənləşib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.

B. Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan “LT-2” tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın “Thyssen Krupp Fahrtreppe” şirkətinin “Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür.
Qurum rəsmisi əlavə edib ki, “Xətai” stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: “Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.