Xətai rayonu görkəmini dəyişir – FOTO/VİDEO

0
380

Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı, şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmiri və yenidən qurulması işləri aparılır.

Bu barədə  Xətai rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bu istiqamətdə görülən işlər çərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq-yenidənqurma işləri həyata keçirilir.

Artıq Məhəmməd Hadi küçəsində genişmiqyaslı işlər başa çatıb. Həmçinin, rayonun Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində də əsaslı təmir və küçə boyu abadlıq işləri başa çatıb.

Bu işlər çərçivəsində binaların yaxınlığında vətəndaşların sərbəst gediş-gəlişinə mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daşlar düzülüb, yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib.

Yaşayış binalarının yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə və idman qurğuları, oturacaqlar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemləri quraşdırılıb.

Eyni zamanda, binaların birinci mərtəbəsində və önündə yerləşən mağaza, ictimai-iaşə obyektlərinin də müasir dizaynla yenidən qurulması həyata keçirilir. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin gözəlləşməsinə öz töhfələrini veriblər.

Hazırda Seyid Əzim Şirvani, Qaçaq Nəbi və Naximov küçələrində aparılan abadlıq-yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri də yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daşlar döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemləri qurulur, asfalt örtüyü salınır.

Aparılan işlərin yaxın vaxtlarda yekunlaşdırılması və təmir-yenidənqurma işlərinin başqa küçələrdə də davam etdirilməsi nəzərdə tutulur.