Xəstəxanalar dolub-daşdı: COVİD-19-dan sonra sirli epidemiya panikası

0
195

İllər sonra dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirus epidemiyasının yarandığı Çini daha bir epidemiya təşvişi bürüyüb.

Xəbər verdiyimiz kimi, Çində son zamanlar, xüsusilə də uşaqlar arasında yaranan pnevmoniya epidemiyası böyük narahatlıq doğurur.

COVİD-19 ilk başladığı zaman şəffaf məlumatları paylaşmamaqla Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olan Çinin bəzi şəhərlərində yoluxma sayının artması gündəm yaradıb.

Çində geniş istifadə olunan sosial media platformalarında və yerli mediada yayılan foto və videolar ölkədəki xəstəxanaların dolu olduğunu və xəstəxanada bir çox uşağın acınacaqlı vəziyyətdə olduğunu göstərir. Foto və videolarda valideynlərin uşaqlarının yanında səbirsizliklə gözləməsi və gözləmə otaqlarında gərginlik əks olunub. Çində rəsmilər pnevmoniyaya bənzər bir xəstəliyin yayıldığını elan edib və bildirib ki, diqqətli olmalıyıq, amma panikaya ehtiyac yoxdur.

COVİD-19-u ilk aşkarlayan “ProMed” adlı qlobal epidemiya xəstəliklərin monitorinqi sistemi də mövzu ilə bağlı açıqlama yayıb. Açıqlamada Pekindəki uşaq xəstəxanalarında və digər xəstəxanalarda böyük sıxlığın olduğu təsdiqlənib.

“Çox, çox xəstə var. Xəstələr öskürmür və heç bir əlamət göstərmirlər. Çox yüksək hərarət olur və ağciyərlərində düyünlər əmələ gəlir”, – xəstə sayının durmadan artdığını bildirən Pekin sakini “ProMed”ə açıqlamasında vurğulayıb.

Bənzər bir epidemiyanın Pekində olduğu kimi Liaonin bölgəsində də baş verdiyi qeyd olunub. Dalian Mərkəzi Xəstəxanasının həkimi etiraf edib ki, xəstələr ən azı 2 saat növbə gözləməli olur.

“China Daily” nəşri oktyabrda uşaqlarda tənəffüs xəstəliklərinə səbəb olan pnevmoniya növünün artdığını bildirib: “China Daily”yə danışan həkim Zou Huixia “Bu xəstəlik 2015-ci ildən yayılmağa başlayıb və 2019-cu ildə ən yüksək səviyyəyə çatıb. Lakin bu rəqəm COVİD-19 ilə əlaqədar həyata keçirilən qapanmalar, maska və sosial məsafə kimi tədbirlər sayəsində azaldı”.

Digər tərəfdən, sosial media və beynəlxalq mediada yayılan xəbərlərdə xüsusilə məktəblərdə epidemiyanın başladığı, bəzi müəllimlərin xəstələndiyi qeyd edilib. Bəzi məktəblərin bağlandığı bildirilsə də, epidemiyanın başlanğıc nöqtəsi hələ məlum deyil.

“ProMed” yaydığı məlumat qeydində deyilir: “Diaqnozu qoyulmamış tənəffüs yoluxucu xəstəliklərin epidemiyası ilə bağlı xəbərlər var. Epidemiyanın nə vaxt başladığı bəlli deyil və bu qədər uşağın bu qədər tez xəstələnməsi qeyri-adi haldır”.

Hadisə ilə bağlı xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da açıqlama yayıb. ÜST-dən verilən yazılı açıqlamada qeyd olunub ki, Çin Milli Səhiyyə Komissiyasının rəsmiləri noyabrın 13-də keçirilən mətbuat konfransında ölkədə tənəffüs yoluxucu xəstəliklərə yoluxma hallarının artdığını bildiriblər. ​

Açıqlamada Çin rəsmilərinin bu artımı COVİD-19 məhdudiyyətlərinin aradan qaldırılması, qrip, mikoplazma pnevmoniyası, respirator sinsitial virus (RSV) və SARS-CoV-2 kimi məlum patogenlərin yayılması ilə izah əlaqələndirdiyi, həmçinin səhiyyə sisteminin və müəssisələrin potensialının gücləndirilməsinin vacibliyini vurğulanıb.