Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və…

0
310

Ölkəmizdə son günlər uşaqlar arasında virus yayılıb. Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və iştahasızlıq kimi əlamətlər müşahidə olunur.

Həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, yayılan virus adi qripdir, “influenza” virusunun A və ya B ştamıdır. Sosial şəbəkələrdə onu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsalar da, həmin virus tibb elminə neçə illərdi ki, məlumdur: “Bu virus bağçaya, məktəbə gedən, kollektivə çıxan uşaqlarda daha sürətlə və daha tez yayılır. Eyni zamanda, “influenza” qripinin yoluxuculuğu 1 faiz olduğu üçün uşaqlar arasında daha çox yayılma xüsusiyyəti var. “İnfluenza”, başqa sözlə qrip virusu bəzən uşaqlar arasında yüksək qızdırma, bəzən beş gündən, bir həftədən çox davam edən, aşırı halsızlıq, yorğunluq və ciddi öskürəklə müşahidə olunur. Bəzən öskürək halları 15-20 günə qədər davam edə bilər və həmin əlamətlər valideynlərin daha çox narahatlığına səbəb olur”.

Bəzən uşaqlar həm yeni növ koronovirusu (COVID-19), həm də qripi paralel şəkildə keçirirlər. Həkim-pediatr deyib ki, bundan qorunmaq üçün rotavirus əleyhinə peyvəndlər körpələrin 2-4 və ya 3-5 aylarında vurulmalıdır: “Bu virus qış mövsümündə daha çox yayıldığına görə poliklinikalarda altı ayından etibarən uşaqların infeksiyaya qarşı peyvəndlənməsi aparılır. Həmin peyvənddən sonra uşaqlar bu infeksiyaya ya yoluxmur, ya da yoluxsa, xəstəliyi çox yüngül keçirirlər. Çox vaxt valideynlər uşağın COVID-19-za yoluxub-yoluxmadığı barədə soruşurlar. Nadir hallarda uşaq həm qripi, həm də COVID-i paralel keçirə bilər”.

Valideynlər çox vaxt övladlarını vaxtında xəstəxanaya aparmır və uşağın vəziyyətini ev şəraitində daha da ağırlaşdırırlar. Xəstəliyin əlamətləri müşahidə edildiyi zaman mütləq şəkildə həkimə müraciət olunmalıdır.